Bakıda Ümumdünya Diabet Günü ilə bağlı tədbir keçirilib

Bakıda Ümumdünya Diabet Günü ilə bağlı tədbir keçirilib
# 14 noyabr 2014 08:13 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. 14 noyabr - Ümumdünya Diabet Günü ilə bağlı bu gün İSİM, Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə təşkilatçılığı ilə “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında tədbir keçirilib.

APA-nın məlumatına görə, millət vəkillərinin və tibb mütəxəssislərinin iştirak etdiyi rəsmi hissədə Azərbaycanda şəkərli diabetlə bağlı vəziyyət, profilaktik tədbirlər barədə təqdimatlar olub. Tədbirdə öncə qonaqların qanda şəkərinin miqdarı və qlükozalaşmış hemoqlobinin miqdarı ölçülüb, klassik musiqi fonunda səhər yeməyi təşkil olunub.

Azərbaycan Diabet Liqasının rəhbəri Yeganə Sultanova çıxış edərək deyib ki, hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir.

Y. Sultanova deyib ki, şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.

Qeyd olunub ki, "Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”. Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

Azərbaycanda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.

Rəsmi hissə sona çatandan sonra diabetli uşaqlara hədiyyələr təqdim olunub.

Sonda yenidən qonaqların qanda şəkərinin miqdarı ölçülüb, uşaqların arzuları yazılan şarlar havaya buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR