Peter Siyarto: “Macarıstan Azərbaycana AB ölkələri ilə viza rejiminin aradan qaldırılmasında kömək edə bilər”

Peter Siyarto: “Macarıstan Azərbaycana AB ölkələri ilə viza rejiminin aradan qaldırılmasında kömək edə bilər”
# 28 iyun 2016 10:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyasının 6-cı iclası keçirilib.

APA-Economics”in məlumata görə, iclasda çıxış edən birgə komissiyanın Azərbaycan tərəfindən həmsədri, Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, bu günə qədər iki ölkə arasında ümumilikdə 40 sənəd imzalanıb: “Münasibətlərimiz strateji partnyorluq səviyyəsindədir. Əsas imzalanan sənədlərdən biri ikili vergi tutmanın ləğv olunması, eləcə də investisiyaların birgə qorunması və təşviqi sahəsində olub”.

Nazir qeyd edib ki, son bir ildə iki ölkə arasında ticarət dövriyyəsi 63% artıb: ”Bu ilin mart ayından Macarıstanın “Wizzair” şirkəti uçuşları bərpa edib: “Bundan başqa, Macarıstanın MOL şirkəti ilə Xəzər dənizinin Azərbaycanın sektorunda tədqiqat işlərinin aparılması ilə bağlı imkanlar müzakirə olunub”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 6 macar şirkəti fəaliyyət göstərir: ”Düşünürəm ki, bu, çox azdır və Azərbaycan tərəfi bu sahədə əməkdaşlığı artırmaq niyyətindədir və bunun üçün böyük imkanlar mövcuddur”.

Nazir bildirib ki, iki ölkənin su və neft sənayesi, humanitar və idman sahəsində böyük və geniş əlaqələr mövcuddur.

Macarıstan tərəfindən birgə komissiyanın həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, Macarıstan Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin genişləndirilməsində maraqlıdır və ölkəsi Azərbaycanla Avropa Birliyi arasında əlaqələrə dəstəyini verə bilər: “Macarıstan Azərbaycana Avropa Birliyi ölkələri ilə viza rejiminin aradan qaldırılmasında öz köməyini göstərə bilər”.

Onun sözlərinə görə, Macarıstan kənd təsərrüfatı sahəsində böyük ənənəyə malikdir və ölkəsi Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. P.Siyarto əlavə edib ki, Macarıstan Azərbaycana kənd təsərrüfatı məhsulları da göndərə bilər.

P. Siyorta vurğulayıb ki, Macarıstan İT proqram təminatı sahəsində də böyük təcrübəyə malikdir və Bakıda inşa olunan Data Mərkəzinin qurulmasında yaxından iştirak edə bilər. “Macarıstan Azərbaycanla İran arasında inşa olunan 160 kilometr yolun tikintisinə də kredit ayıra bilər. Biz bu sahədə danışıqlara hazırıq”, - deyə P.Siyarto vurğulayıb.

P. Siyorta əlavə edib ki, Macarıstanın “Eximbank”nın Azərbaycanda kiçik və orta sahibkarlığa 200 milyon avro ayırıb. Onun sözlərinə görə, Macarıstanın “Eximbank”ı Azərbaycanın “PAŞA Bank”ına növbəti 5 mln. avro kredit xəttinin ayrılmasına hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR