Bu ilin I yarısında dövlət qiymətli kağızlar bazarının həcmi 4 mlrd. manata çatıb

Bu ilin I yarısında dövlət qiymətli kağızlar bazarının həcmi 4 mlrd. manata çatıb
# 31 iyul 2014 12:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin I yarısında dövlət qiymətli kağızlar bazarının həcmi 55% artaraq 4 mlrd. manata yüksəlib. Bu barədə “APA –Economics”ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) məlumat verilib.

Bu ilin mart ayı ərzində Maliyyə Nazirliyi tərəfindən xarici bazarlarda ilk dəfə olaraq 1,25 mlrd. manat həcmində avroistiqrazlar yerləşdirilib. Avroistiqrazlara 160-dan çox ölkənin institusional investorları tərəfindən böyük maraq göstərilib və tələbat təklifdən 4 dəfə artıq olub.

Bununla yanaşı, Maliyyə Nazirliyinin istiqrazları ilə yerli bazarda ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayında 9% artaraq 60,7 mln. manata çatıb. Artım dövlət istiqrazları bazarının hər iki seqmentində müşahidə olunub. Belə ki, dövr ərzində 47,9 mln. manatlıq dövlət istiqrazları yerləşdirilib, bu alətlərin təkrar bazar ticarəti isə 12,7 mln. manat olub ki, bu da ötən ilin analoji göstəricisindən müvafiq olaraq 3% və 43% çoxdur.

2014-cü ilin ilk 6 ayı ərzində Mərkəzi Bankın notları ilə ilkin bazarda ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% azalaraq 109,1 mln. manat təşkil etsə də, bu növ alətlərin təkrar bazar ticarəti 6,9 dəfə artaraq 302,8 mln. manata yüksəlib. Bütövlükdə not bazarında ticarətin həcmi 84% artaraq 411,9 mln. manata çatıb.

Bununla yanaşı, hesabat dövrünün birinci yarısından etibarən qiymətli kağızlar bazarında ilk dəfə olaraq yeni növ alətlə - korporativ istiqrazlarla repo/əks-repo əməliyyatları həyata keçirilib. Bütövlükdə bu ilin I yarımilliyi ərzində baş tutmuş repo/əks-repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artaraq 3,5 mlrd. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR