Kaliforniya Universitetində Azərbaycana dair mühazirə keçirilib - FOTO

Kaliforniya Universitetində Azərbaycana dair mühazirə keçirilib - <span style="color: red;">FOTO
# 17 oktyabr 2014 09:35 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan, San Dieqoda yerləşən Kaliforniya Universitetində (University of California, San Diego) “Azərbaycan və Xəzər bölgəsində hazırkı durum” mövzusunda çıxış edib.

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan APA-ya verilən məlumata görə, universitetin dəvəti ilə gerçəkləşən tədbirdə universitetin professor və tələbələri iştirak edib.

Baş konsul N.Ağayev çıxışında Azərbaycanın zəngin mədəni irsi, keçdiyi tarixi inkişaf yolu və yerləşdiyi coğrafi məkan, eləcə də Azərbaycanın multikultiralizmin mərkəzlərindən biri olması və ölkəmizin qədim tolerantlıq ənənələri barədə danışıb. O, 1918-ci ildə Azərbaycan xalqının İslam dünyasında ilk dünyəvi parlamentli respublika yaratdığını, bu respublika tərəfindən qadınlara səsvermə hüququnun ABŞ-dan da öncə verildiyini qeyd edib. Baş konsul İkinci Dünya müharibəsində nasizm üzərində qələbənin əldə olunmasında Azərbaycan neftinin və neftçilərinin oynadığı fövqəladə rolu tədbir iştirakçılarının diqqətinə çatdırıb. N.Ağayev həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən bəhs edərək, bu səpkidə Xocalı soyqırımı haqda tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırıb.

Baş konsul Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz səyləri nəticəsində 1994-cü ilin 20 sentyabrında “Əsrin Müqaviləsi” adlı tarixi sənədin imzalandığını, bununla da ölkəmizin neft strategiyasının və gələcək inkişafının bünövrəsinin qoyulduğunu bildirib. O, ötən dövr ərzində prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətləri qeyd edərək, bu müsbət irəliləyişlərin əsası ümummilli lider tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən uzaqgörən siyasətin nəticələri olduğunu vurğulayıb. N.Ağayev bu gün Azərbaycanın regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. Diplomat Azərbaycanın yürütdüyü konstruktiv xarici siyasət barədə danışaraq, ölkəmizin region dövlətləri və beynəlxalq birlik ilə münasibətləri barədə iştirakçılara məlumat verib.

Tədbirin sual-cavab qismində baş konsul iştirakçıların müxtəlif səpkili suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR