Vergilər Nazirliyində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Vergilər Nazirliyində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
# 14 mart 2015 08:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Vergilər nazirinin birinci müavini Natiq Əmirov Dünya Bankının Azərbaycan üzrə ölkə iqtisadçısı Konqyan Tanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, N.Əmirov son dövrlərdə ölkəmizin vergi sistemində aparılan islahatlar haqqında məlumat verib, Dünya Bankı ilə birlikdə ortaq layihələrin həyata keçirilməsi və bu sahədə Vergilər Nazirliyinə texniki dəstəyin göstərilməsi istiqamətində görülən işlərdən danışıb.

Qeyd olunub ki, Dünya Bankının Vergilər Nazirliyinə iki istiqamətdə - yerli idarəetmədə orqanlarında bələdiyyə vergi informasiya sisteminin yaradılması və iqtisadiyyatda nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı texniki yardım göstərilməsi istiqamətində aparılan müzakirələr 2014-cü ildən başlayıb. Nağdsız əməliyyatların iqtisadiyyatın inkişafında və vergidən yayınmanın qarşısının alınmasında çox böyük rolu olduğunu vurğulayan nazirin birinci müavini, bu istiqamətdə hazırlanacaq layihənin reallaşdırılması üçün geniş imkanlar olduğunu qeyd edib.

K.Tan müzakirə edilən məsələ ilə əlaqədar bir sıra görüşlərin təşkil olunduğunu, Vergilər Nazirliyi ilə Dünya Bankının ABŞ-da yerləşən baş qərargahı arasında ötən ilin yayında Bakı şəhərində videokonfrans keçirildiyini xatırladıb. O bildirib ki, ilkin mərhələdə yalnız nağdsız əməliyyatların stimullaşdırılması sahəsində texniki yardımın göstərilməsi məsələsi Dünya Bankı tərəfindən məqbul hesab edilib, bələdiyyələrlə bağlı texniki dəstəyin göstərilməsi məsələsinə gələcəkdə baxılması nəzərdə tutulub.

Razılaşmaya əsasən, Vergilər Nazirliyi Dünya Bankı ilə birlikdə “Nağdsız əməliyyatların stimullaşdırılması Layihəsi” üzrə texniki yardım Sazişinin layihəsini hazırlayıb və saziş çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsini Dünya Bankı öz üzərinə götürüb. Bu tədbirlər nağd əməliyyatların məhdudlaşdırılması və nağdsız əməliyyatların stimullaşdırılması sahəsində ölkələr üzrə beynəlxalq təcrübənin araşdırılması və icmal hesabatın hazırlanmasını, Azərbaycanda nağd və nağdsız əməliyyatlar sahəsində mövcud vəziyyətin və bu əməliyyatların büdcəyə təsirinin qiymətləndirilməsini, nağdsız əməliyyatların stimullaşdırılmasında vergi orqanlarının rolunun həm qanunvericilik, həm də inzibatçılıq baxımından müəyyənləşdirilməsini, qanunvericiliyə dair beynəlxalq təcrübə və mövcud vəziyyətin qiymətləndirilməsi əsasında təkliflərin hazırlanmasını əhatə edir. “Nağdsız əməliyyatların stimullaşdırılması Layihəsi” üzrə texniki yardım Sazişinin Vergilər Nazirliyi, Mərkəzi Bank və Dünya Bankı tərəfindən imzalanması nəzərdə tutulur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR