Azərbaycan və İsveçrə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan və İsveçrə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
# 13 noyabr 2015 13:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsveçrənin yeni təyin olunmuş səfiri Filip Ştalder ilə tanışlıq görüşü olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economcis”ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əldə olunan makroiqtisadi sabitlik və dinamik inkişaf barədə səfirə məlumat verib: “2004-cü ildən bəri iqtisadiyyatın 3,4 dəfə artdığı ölkədə bu dövrdə 1 milyon 400 mindən çox, cari ilin 9 ayında isə 87 min yeni iş yeri yaradılmaqla, əmək bazarında sabitliyə, işsizliyin 4,9%-ə, yoxsulluğun 5%-ə enməsinə nail olunub. Məşğulluq səviyyəsinin yüksəlməsi əmək haqlarının da artımı ilə müşahidə olunur. Təkcə bu ilin 8 ayında muzdla çalışanların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4% artıb. Ümumən ölkə əhalisinin gəlirlərində cari ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8%, hər nəfərə düşən gəlirlərdə 4,5% artım qeydə alınıb”.

S.Müslümov dünyada yaşanan böhran prosesləri səbəbindən hətta bir çox inkişaf etmiş ölkələrdə sosial proqramlara məhdudiyyətlər tətbiq edildiyi halda, Azərbaycanda əhalinin rifahına, sosial cəhətdən həssas qrupların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn bütün proqramların yüksələn xətlə davam etdirildiyini bildirib: “Növbəti ilin dövlət büdcəsinin də 36%-dən çoxu sosial məqsədlərə yönəlib və büdcədə sosialyönümlü xərclərin çəkisi sabit saxlanılmaqla, bir sıra istiqamətlərdə artımların edilməsi də nəzərdə tutulub ki, bu da ölkənin sosial dövlət statusunu bir daha təsdiq edir”. Azərbaycanın hər bir cəmiyyət üzvünün bərabər əsaslarla yararlana biləcəyi sosial hüquqlar sisteminə malik olduğunu qeyd edən nazir bu hüquqların mütərəqqi beynəlxalq dəyərlər əsasında təkmilləşdirilməsi, həmçinin Avropa Sosial Xartiyasının müddəalarının ratifikasıyası, Avropa Şurasının Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının tətbiqi yönündə görülən işləri də diqqətə çatdırıb.

Milli əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlardan bəhs edən nazir islahatlar prosesində qabaqcıl ölkələrlə əməkdaşlığa xüsusi önəm verildiyini bildirib: “Azərbaycanla İsveçrə arasında siyasi münasibətlərin və iqtisadi əlaqələrin inkişafı iki ölkənin əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığına əlverişli şərait yaradır. Hesab edirəm ki, qarşıdakı dövrdə bu imkanlardan faydalanmaq və fəal əməkdaşlıq müstəvisi yaratmaq mümkün olacaq”.

F.Ştalder Azərbaycanın bütün sahələrdə böyük inkişafa nail olduğunu və bunu izləməkdən məmnunluğunu vurğulayıb. O, səfir kimi fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən əmək və sosial müdafiə sahəsində iki ölkənin əməkdaşlığına töhfələrini vermək üçün müvafiq səylər göstərəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və İsveçrə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR