Şəki zəlzələsinin Azərbaycanda digər zəlzələ ocaqlarını oyatması ehtimalı var

Şəki zəlzələsinin Azərbaycanda digər zəlzələ ocaqlarını oyatması ehtimalı var
# 07 sentyabr 2015 12:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Sentyabrın 4-də Şəkidə baş verən zəlzələnin maqnitudalı 5,9-dur, bu, güclü zəlzələdir. Prezidentin tapşırığı ilə zəlzələ baş verən ərazidə tədqiqatlar aparılıb”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli 1953-1963-cü illərdə, daha sonra 2003-cü ildə bu bölgədə 6 bal gücündə zəlzələ baş verdiyini xatırladıb: “Zəlzələ hətta Bakıda, Lənkəranda, Naxçıvanda hiss olunub, bu da dərinliklə, qırılmalarla bağlıdır. Güclü zəlzələ olduğu üçün proses ocaqda birdən-birdə sönməyəcək. 16 km dərinliklə sol tərəfli yerdəyişmə, qırılıb qalxma baş verib. Böyük sıxılma nəticəsində yerdəyişmə olub. 4 sentyabrından sonra 50-dən çox təkan baş verib. Ancaq həmin zonada 7 bal və yuxarı gücdə zəlzələ baş verməsi ehtimalı sıfra bərabərdir. Orada güclü enerji ayrılması artıq baş verib. Əhali qorxmasın, Bakıda 2000-ci ildə baş verən zəlzələdən sonra da müxtəlif yerlərdə 3-5 ballıq zəlzələlər olmuşdu”.

Q. Yetirmişli bu zəlzələnin digər zəlzələ ocaqlarını oyadıb-oyatmaması ehtimalına da toxunub: “Şəkidə baş verən zəlzələnin zəlzələ ocaqlarını oyatmaq ehtimalı ola bilər. Elə zonalar var ki, gərgin vəziyyətdədir. Məsələn, Şamaxı-İsmayıllı zonası ən aktiv zonadır, gərgin vəziyyətdədir, ən çox təkanlar da bu zonada olur. Bu zona yüksək aktivliyə malikdir. Bu zonada tarixən faciəli zəlzələlər olub. Ancaq bu sahədə dəqiq proqnoz vermək mümkün deyil, əhalini də yersiz təlaşa salmağa ehtiyac yoxdur”.

Q. Yetirmişli zəlzələnin qısa müddətə proqnozlaşdırmağın mümkün olmadığını qeyd edib: “Şəkidəki zəlzələ ocağında enerji qısa təkanlarla da boşala bilərdi, onda belə zəlzələ baş verməyə bilərdi. Biz zəlzələ ocaqları ilə bağlı tədqiqatlar aparırıq, gərginlik zonalarını müəyyən edirik. Ancaq qısa müddətli zəlzələ proqnozu vermək mümkün deyil”.

Q. Yetirmişli rəsmi şəkildə müraciət olan zaman tikinti aparılan zonalarda seysmikliklə bağlı arayışlar təqdim etdiklərini də açıqlayıb: “Məsələn, Bakıda 8-9 ballıq ərazilər var. Biz hər bina üçün əraziyə uyğun zəlzələyə davamlılıq müəyyən edirik”.

Qeyd edək ki, sentyabrın 4-də Şəkidə 7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar respublikanın rayonlarında 3-6 bala qədər hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR