Türkiyənin hakim partiyası avqustun 27-də fövqəladə qurultay keçirəcək

Türkiyənin hakim partiyası avqustun 27-də fövqəladə qurultay keçirəcək
# 11 avqust 2014 16:01 (UTC +04:00)

Bakı - APA. Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) avqustun 27-də fövqəladə qurultay keçirmək qərarına gəlib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu barədə AKP-nin mərkəzi idarəetmə orqanında bu gün qərar qəbul edilib. Qərarı partiyanın sözçüsü Hüseyn Çelik açıqlayıb.

H. Çelik avqustun 27-də keçiriləcək qurultaydan öncə partiyanın lideri vəzifəsinə bir namizəd müəyyənləşdirərək qurultayda həmin şəxsi lider seçəcəklərini bəyan edib: “Seçiləcək şəxs həm də baş nazir vəzifəsini tutacaq”.

AKP-dən gələn bu açıqlama Ankarada siyasi hərarətin yüksəlməsinə səbəb olub. Bu qərarın prezident Abdulla Gülün AKP-nin başına keçməsini əngəlləmək məqsədilə verildiyi bildirilir. Belə ki, A. Gülün səlahiyyət müddəti avqustun 28-də başa çatacaq və bu tarixdən əvvəl onun AKP-yə dönüb partiya üzvü kimi fəaliyyətə başlamaq hüququ yoxdur. Rəcəb Tayyib Ərdoğanın Abdulla Gül kimi nüfuzlu siyasətçinin partiyanın lideri və müvafiq olaraq baş nazir vəzifəsini tutmasında maraqlı olmadığı bildirilir. Türkiyədəki şərhçilərin rəyinə görə, Ərdoğan onun sözündən çıxmayacaq və prezidentin kölgəsində qalmağa razılaşacaq bir fiqurun AKP-nin lideri və baş nazir olmasını istəyir. Özünün müstəqil dəst-xətti olan Abdulla Gül isə bu meyara uyğun gəlmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR