Azərbaycanda doğuşdan sonra hər iki valideynin imtina etdiyi və atılan uşaqların qeydiyyatı qaydası müəyyənləşib

Azərbaycanda doğuşdan sonra hər iki valideynin imtina etdiyi və atılan uşaqların qeydiyyatı qaydası müəyyənləşib
# 15 avqust 2014 07:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişikliklər doğumun qeydə alınması ilə bağlıdır.

Qaydaya əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd və valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd təqdim edilməlidir. İndiyə qədər bu sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən olunub. Dəyişikliyə əsasən bu sənədlər olmadıqda doğumun qeydə alınması ilə bağlı istisna hallar müəyyənləşib. Bundan sonra tibb müəssisəsində doğularaq hər iki valideynin imtina etdiyi uşaq haqqında məlumat həmin müəssisənin rəhbəri tərəfindən dərhal doğum haqqında tibbi şəhadətnamə və uşağın atılmasını təsdiq edən sənədlə (akt, ərizə) birlikdə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməlidir. Müvafiq məlumat daxil olduqdan sonra komissiya doğumun dövlət qeydiyyatına alınması üçün 5 iş günü müddətində uşağın atılması haqqında sənədi, doğum yeri, tarixi və cinsi barədə tibbi şəhadətnaməni, habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının razılığını və ya göstərişini qeydiyyat şöbəsinə təqdim etməlidir. Bu halda doğum haqqında akt qeydinin valideynlər haqqında məlumatları əks etdirən qrafaları doldurulmur, uşağın atılması və valideynlərinin məlum olmaması göstərilir. Doğum haqqında akt qeydində komissiyanın müraciəti (nömrə, tarix, məzmun) barədə qeydlər aparılır. Tibb müəssisəsindən kənar uşağı tapan şəxsin məlumatı əsasında ərazi polis orqanı dərhal uşağın tapılması vaxtını, yerini və şəraitini əks etdirən sənəd (akt, protokol) tərtib edərək uşağı ərazi üzrə müvafiq tibb müəssisəsinə yerləşdirməli, eyni zamanda uşağın tapılması haqqında sənədi təqdim etməklə, 2 ş günü müddətində komissiyaya məlumat verməlidir. Müvafiq məlumat daxil olduqdan sonra komissiya doğumun dövlət qeydiyyatına alınması üçün 5 (beş) iş günü müddətində uşağın tapılması haqqında sənədi, yaşı və cinsi barədə tibbi arayışı, habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının razılığını və ya göstərişini qeydiyyat şöbəsinə təqdim etməlidir. Bu halda doğum haqqında akt qeydinin valideynlər haqqında məlumatlar hissəsində uşağın atılması və valideynlərinin məlum olmaması yazılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR