Milli Məclisdə Serbiyanın Avropa inteqrasiyası məsələləri üzrə naziri ilə görüş keçirilib

Milli Məclisdə Serbiyanın Avropa inteqrasiyası məsələləri üzrə naziri ilə görüş keçirilib
# 04 may 2015 15:44 (UTC +04:00)

Bakı - APA. Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə nazir Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputat Astan Şahverdiyev, Serbiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Katarina Rakiç və digər rəsmi şəxslər iştirak ediblər.

Parlamentlərarası əlaqələrdən danışan M. İbrahimqızı deyib ki, ölkələr arasında imzalanmış sənədlər əlaqələrin genişlənməsində hüquqi baza rolunu oynayır və parlamentarların əməkdaşlığının gücləndirilməsi əhəmiyyətlidir. O, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. H. Rəcəbli isə Avropa Oyunları ərəfəsində bir sıra qüvvələrin bu tədbirə mane olmaq cəhdlərindən danışıb, bu cəhdlərin heç bir nəticə verməyəcəyini, Azərbaycanın bu böyük tədbiri yüksək səviyyədə keçirməyə hazır olduğunu vurğulayıb.

Y. Yoksimoviç təmsil etdiyi partiyanın fəaliyyəti barədə məlumat verib, bu səfərin mövcud əməkdaşlığı daha da genişləndirəcəyinə ümidvar olduğunu söyləyib. İki ölkə arasındakı dostluq əlaqələrindən danışan Y. Yoksimoviç iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsi üçün geniş potensial olduğunu diqqətə çatdırıb. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdırlar və Serbiya da Kosova problemindən əziyyət çəkdiyi üçün bu mövzu onlara yaxşı tanışdır.

Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR