USAID administratorunun müavini Azərbaycanda səfərdədir

USAID administratorunun müavini Azərbaycanda səfərdədir
# 17 aprel 2013 06:50 (UTC +04:00)

Bakı – APA. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini xanım Peyc Aleksandr Azərbaycana iki günlük səfərə gəlib. USAİD-dən APA-ya verilən məlumata görə, P. Aleksandr ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçisinin müavini Tomas Melia ilə birlikdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında hökumətlərarası əməkdaşlıq müzakirə olunacaq. Yüksək vəzifəli nümayəndə heyətinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in Bakı ofisinin rəhbəri və Avropa Birliyi ölkələrinin səfirləri ilə də görüşləri planlaşdırılıb.

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və xanım Aleksandr Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində USAID və Şura arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaqlar. Layihəni ABŞ və Azərbaycan hökumətləri birgə maliyyələşdirirlər.

Səfər zamanı xanım Aleksandr vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, insan hüquqları sahəsində çalışan QHT-lər və media nümayəndələri ilə də görüşlər keçirəcək.

Aprelin 18-də xanım Aleksandr Qubaya səfər edəcək. Yerli icra orqanlarının nümayəndələri ilə görüşdən sonra o, Zərdabi kəndinin İcma İnkişaf Şurası və yerli sakinlərlə söhbət edəcək. Daha sonra qonaq ABŞ və Azərbaycan hökumətlərinin birgə dəstəklədiyi SEDA layihəsi çərçivəsində Zərdabi kəndində yeni quraşdırılmış işıq dirəklərinin və bərpa edilmiş yolun açılışına qatılacaq. Xanım Aleksandr USAID-in Azərbaycanda Rəqabətlilik və Ticarət layihəsi çərçivəsində dəstək alan Qubadakı soyuducu anbara da baş çəkəcək.

P. Aleksandrın beynəlxalq inkişaf sahəsində 20 illik təcrübəsi var. 2001-2010 illərdə o, 100-dən artıq ölkədə təhsil işçilərinə, jurnalistlərə və icma liderlərinə dəstək göstərən beynəlxalq qeyri-kommersiya inkişaf təşkilatı olan IREX-də vitse-prezident vəzifəsində çalışıb. IREX-dən öncə P. Aleksandr səkkiz il ərzində USAID-in Avropa və Avrasiya Bürosunda müxtəlif vəzifələr tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR