Nizami Gəncəvi adına Qızıl medala namizədlər seçilib

Nizami Gəncəvi adına Qızıl medala namizədlər seçilib
# 15 aprel 2015 13:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Nizami Gəncəvi adına Qızıl medala namizədlər seçilib. APA-nın xəbərinə görə, ölkə prezidentinin Fərmanı ilə Nizami Gəncəvi adına Qızıl medalla təltif etmək səlahiyyəti AMEA Rəyasət Heyətinə verilib. Bunu nəzərə alaraq, AMEA Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün Qaydalar” təsdiq edilib və həmin qərarla 2015-ci il üçün müsabiqə elan olunub.

Müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülmüş alimlər haqqında təqdimatlar, müvafiq sənədlərlə birlikdə AMEA prezidentinin sərəncamı ilə yaradılmış Ekspert Komissiyasına təqdim olunub. Komissiyanın aprelin 8-də keçirilmiş yekun iclasında Nizami Gəncəvi adına Qızıl medala namizədlər seçilmiş və onlar haqqında müvafiq rəylər AMEA Rəyasət Heyətinə təqdim edilib.

AMEA-nın mükafatları üzrə Ekspert Komissiyasının namizədlər haqqında təqdimatını nəzərə alaraq, AMEA Rəyasət Heyətinin qərarı ilə medalın namizədləri müəyyənləşdirilib. Mədəniyyət və incəsənət sahəsində mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrinə görə AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Məlikov və dünya elminin, habelə Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores İvanoviç Alfyorovun Nizami Gəncəvi adına Qızıl medalla təltif edilmələri qərara alınıb.

Qərarın icrasına nəzarət AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR