İranda həbs edilən jurnalistlər xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda təqsirləndirilir

İranda həbs edilən jurnalistlər xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda təqsirləndirilir
# 01 fevral 2013 13:33 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranda son günlər həbs edilən jurnalistlər xarici kəşfiyyat xidmətləri və media orqanları ilə əməkdaşlıq etməkdə təqsirləndirilirlər”. APA-nın məlumatına görə, bu barədə İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni açıqlama verib.

O bildirib ki, bəzi jurnalistlər bilmədən düşmənlərin xeyrinə fəaliyyət göstərib, onların istədiyi məlumatları yayıblar. M.Hüseyni media mənsublarından yeni və gənc jurnalistlərin düşmənlərin əməllərinə alət olmaması üçün onları məlumatlandırmalarını və xəbərdarlıq etmələrini istəyib.

İranın informasiya, təhlükəsizlik və kəşfiyyat naziri Heydər Müslihi isə mövzu ilə bağlı açıqlamasında bildirib ki, yaxın günlərdə həbs edilən jurnalistlərə dair mediaya ətraflı məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 26-dan yanvarın 28-dək “Arman”, “Etimad”, “Bahar”, “Şərq” və “Asiman” qəzetlərinin və “İLNA” xəbər agentliyinin 17 jurnalisti həbs edilib. Onların çalışdığı redaksiyalarda axtarış aparılaraq kompüterləri, əlyazmaları və başqa şəxsi əşyaları müsadirə olunub. Onlardan bir neçəsi sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR