Azərbaycan və Qətər Birgə İnvestisiya Fondunun yaradılması perspektivlərini müzakirə edib - FOTO

Azərbaycan və Qətər Birgə İnvestisiya Fondunun yaradılması perspektivlərini müzakirə edib - <span style="color: red;">FOTO
# 19 mart 2013 15:08 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə səfərdə olub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyətinə təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov, “Yüksək Texnologiyalar Parkı” MMC-nin icraçı direktoru Seymur Ağayev və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri daxil olub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müxtəlif müəssisələrin fəaliyyəti ilə tanış olub. Qətərin baş naziri və xarici işlər naziri Şeyx Hamad bin Jassim Al-Thani ilə keçirilən görüşdə Birgə İnvestisiya Fondunun yaradılması, kənd təsərrüfatı, infrastruktur, turizm, elm, təhsil, texnologiya sahəsində əməkdaşlıq məsələləri, əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Görüşdə Qətərin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd edilib.

Ş.Mustafayev Azərbaycanda xarici ölkələrlə, o cümlədən Qətər dövləti ilə əlaqələrin genişlənməsinə önəm verildiyini vurğulayıb, ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını bildirib.

Qətərin sənaye və energetika naziri Mohammed bin Saleh Al-Sada ilə Azərbaycan nümayəndə heyəti arasında keçirilən görüşdə ölkələr arasında iqtisadi sahədə, o cümlədən sənaye sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Ş.Mustafayev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu bildirib, ölkənin enerji potensialı barədə məlumat verib, Azərbaycanın enerji ixracatçısı olduğunu vurğulayıb. Nazir həmçinin Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində görülən işlər barədə məlumat verib, Qətərin neft-kimya sənayesi sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edərək Qətər şirkətlərini sənaye parkına investisiya yatırmağa dəvət edib.

Keçirilən görüşlərdə Qətərdə həyata keçiriləcək infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirak edə biləcəyi, kənd təsərrüfatı sahəsində birgə emal müəssisələrinin yaradılması, turizm sahəsində əməkdaşlıq, Birgə İnvestisiya Fondunun yaradılması ilə Azərbaycana, Qətərə və üçüncü ölkələrə sərmayə qoyuluşu imkanları, elm və təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.

Qətərin biznes və ticarət Naziri Şeyx Jassim bin Abdulaziz Al-Thani ilə Azərbaycan nümayəndə heyəti arasında keçirilmiş görüşdə iş adamları arasında əməkdaşlıq, AZPROMO və Azərbaycan İnvestisiya Şirkəti ilə Qətərin müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib, hər iki ölkənin biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsi üçün biznes-forum və sərgilərin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan nümayəndə heyəti həmçinin, Qətərin “Mesaieed” sənaye şəhərciyində olub, burada 10-dan çox müəssisənin fəaliyyəti ilə tanış olub. “Mesaieed” sənaye şəhərciyinin direktoru Abdulaziz Al-Mufta ilə keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinə sənaye şəhərciyi və burada fəaliyyət göstərən müxtəlif müəssisələr barədə məlumat verilib. Ş.Mustafayev Azərbaycanda da Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parklarının yaradılması istiqamətində zəruri işlərin görüldüyünü qeyd edir, bu parkların yaradılmasının ölkədə rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalının artırılmasına müsbət təsir göstərəcəyini vurğulayıb.

Qətərin “ASHGHAL” şirkətinin prezidenti Nasser Ali Al-Mavlavi ilə keçirilmiş görüşdə isə qurumun fəaliyyəti və müxtəlif sahələrdə həyata keçirdiyi layihələr barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov Qətərin ali təhsil və təhsil naziri Saad bin İbrahim al-Mahmoud və Qətər Fondunun vitse-prezidenti Ahmad Hasnah ilə görüşüb. Görüşlərdə iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlıq və bu sahədə təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR