Azərbaycan Turin kitab sərgisində “Xüsusi qonaq ölkə” kimi iştirak edəcək

Azərbaycan Turin kitab sərgisində “Xüsusi qonaq ölkə” kimi iştirak edəcək
# 08 may 2015 14:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 14-18 may tarixində İtaliyanın Turin şəhərində keçiriləcək beynəlxalq kitab sərgisində Azərbaycan “Xüsusi qonaq ölkə” kimi iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgi müddətində ölkəmizdə işıq üzü görmüş 300 addan çox nəfis tərtibatlı kitab və digər çap məhsulları nümayiş ediləcək, Azərbaycanın zəngin mədəniyyəti, Qarabağ həqiqətləri, “Bakı-2015” I Avropa Oyunları, ölkəmizin turizm potensialı təbliğ olunacaq.

Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq münasibətləri və s. mövzularda italyan dilində işıq üzü görmüş bir sıra kitabların təqdimatının keçirilməsi, Azərbaycan haqqında təbliğat və reklam materiallarının ziyarətçilərə paylanılması nəzərdə tutulub. Nazirliyin təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə və ekspozisiyada Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin də iştirakı planlaşdırılır.

Azərbaycanın “Xüsusi qonaq ölkə” olması münasibətilə sərginin açılış günündə nazirliyin təşkilatçılığı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə İtaliya tərəfindən Turin meriyası Mədəniyyət komitəsinin sədri Luka Kassiani, sərginin baş direktoru, professor Ernesto Ferrero, “Tetti” nəşriyyatının direktoru Sandro Tetti, Azərbaycandan isə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, millət vəkili, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Milli Kitabxananın direktoru Kərim Tahirov iştirak edəcək.

Sərgi müddətində nazirlik tərəfindən müxtəlif kitab təqdimatları da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR