Azad Rəhimov BMT Baş Qərargahında çıxış edəcək

Azad Rəhimov BMT Baş Qərargahında çıxış edəcək
# 17 oktyabr 2014 13:05 (UTC +04:00)

Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 20-də BMT Baş Qərargahında keçiriləcək Baş Assambleyanın 69-cu sessiyasında iştirak edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, sessiya çərçivəsində “İnkişaf və sülh naminə idman” bəndi altında müzakirələr keçiriləcək. Müzakirələrdə çıxışında nazir Azad Rəhimov müstəqillik qazandığı gündən ölkəmizin bir çox Avropa və dünya çempionatlarına ev sahibliyi etməsi, 2016-cı ildə Bakıda Şahmat üzrə 42-ci Dünya çempionatının və Formula 1 Grand Prix yarışının, 2017-ci ildə 4-cü İslam Həmrəyliyi oyunlarının, 2020-ci ildə isə UEFA Avro turnirinin keçiriləcəyi haqda məlumatlar verəcək.

Eyni zamanda, Azad Rəhimov Azərbaycanın birinci xanımı, Bakı Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında 2015-ci il 12 iyun tarixindən Bakıda start götürəcək ilk Avropa oyunlarına hazırlıqla bağlı məlumatları diqqətə çatdıracaq.

Sessiya zamanı həmçinin Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi və təbliğat xarakterli tədbirlərin təşkili, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş sərginin təşkili və təbliğat xarakterli materialların paylanılması da planlaşdırılır. Səfər 25 oktyabrda başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR