Mədəniyyət və incəsənət xadimləri Bəşir Səfəroğlunun məzarını ziyarət ediblər

Mədəniyyət və incəsənət xadimləri Bəşir Səfəroğlunun məzarını ziyarət ediblər
# 11 mart 2015 16:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda Bəşir Səfəroğlunun məzarını ziyarət ediblər.

APA-nın məlumatına görə, aktyorun məzarı başında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev B. Səfəroğlunun həyat və yaradıcılığına nəzər salıb.

O bildirib ki, Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoymuş B. Səfəroğlu qısa və mənalı ömür yaşayıb, sənət həyatında unudulmaz obrazlar yaradıb: “İndinin özündə də elə bir Azərbaycan ailəsi tapılmaz ki, Bəşir Səfəroğlunun oynadığı filmləri, teatr tamaşalarını görəndə, üzlərində sevinc, təbəssüm yaranmasın”.

Bu gün Azərbaycan teatrının inkişafı üçün dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini deyən Ə. Vəliyev vaxtilə B. Səfəroğlunun çalışdığı Azərbaycan Dövlət Musiqili Teatrının dünyanın ən yaxşı teatrları ilə müqayisə edilə biləcək səviyyədə təmir olunduğunu bildirib.

Nazir müavini B. Səfəroğlunun 90 illik yubileyi ilə bağlı bir sıra tədbirlərin planlaşdırıldığını diqqətə çatdırıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev, xalq artisti Tariyel Qasımov, əməkdar jurnalist Flora Xəlilzadə, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və digər çıxış edənlər B. Səfəroğlu haqqında fikirlərini bölüşüblər, onun xatirəsinin daim Azərbaycan tamaşaçısının qəlbində yaşayacağını bildiriblər.

Xalq artisti Afaq Bəşirqızı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR