Maliyyə Nazirliyi sığorta sahəsində şikayətlərə baxılmasının operativliyini təmin edib

Maliyyə Nazirliyi sığorta sahəsində şikayətlərə baxılmasının operativliyini təmin edib
# 27 may 2015 06:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sığorta məsələləri ilə bağlı daxil olan müraciətlərə baxılması işinin operativliyini, keyfiyyətini və səmərəliliyini yüksəltmək məqsədilə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) tərəfindən həyata keçirilən tədbirlərin davamı olaraq, DSNX-nin rəsmi internet saytının “Məktub yazmaq” bölməsinə xüsusi proqram təminatı tətbiq edilib və mayın 25-dən tam funksionallığı təmin edilib.

DSNX-dən “APA-Economics”ə verilən xəbərə görə, bu proqram təminatı vasitəsilə Dövlət Xidmətinə elektron qaydada ünvanlanan şikayət xarakterli müraciətlərin eyni zamanda, qurumun şikayətlə bağlı məlumat və sənədlərin təqdim edilməsi barədə məktubu ilə birlikdə avtomatik olaraq müvafiq sığorta şirkətinin də e-ünvanına göndərilməsi təmin olunur.

Qeyd olunan proqram təminatının tətbiqi şikayətlərə baxılması proseduru üçün tələb olunan müddətin xeyli azalmasına imkan verir. Saytda tətbiq olunan yeni imkandan yararlanmaq üçün “Məktub yazmaq” bölməsinə daxil olmaq və ardıcıl təklif olunan əməliyyatları yerinə yetirmək lazımdır. Müraciət ünvanlayan şəxs sığortaçıdan şikayətçidirsə, “şikayət” sətrini, növbəti addımda isə şikayətçi olduğu sığorta şirkətinin adını seçməli və şikayətini müvafiq pəncərədə yerləşdirməlidir. Şikayət göndərildikdən sonra istifadəçinin e-ünvanına şikayətin qəbul olunması barədə məlumat göndərilir.

DSNX-yə sayt vasitəsilə elektron qaydada daxil olan şikayət qeydiyyata alınmaqla nəzarətə götürülür və qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırılır. Araşdırmanın nəticəsi barədə şikayətçiyə rəsmi məktub, həmçinin e-ünvanına həmin məktubun müvafiq formatda elektron surəti göndərilir. İstifadəyə verilən yeni texniki imkan müraciətlərə daha qısa müddətdə baxılmasını təmin etməsi ilə əlaqədar, müraciətlərin DSNX-yə sayt vasitəsilə elektron qaydada ünvanlanması tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR