Salyanda ölən körpələrin yaxınları həkimləri ittiham edir

Salyanda ölən körpələrin yaxınları həkimləri ittiham edir
# 21 iyun 2016 15:11 (UTC +04:00)

Salyan. Əlibəy Zeynall - APA. Dünən gecə Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində dünyaya gələn üçəmlərdən iksinin ölümünə görə ailə üzvləri həkimləri ittiham edir. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, üçəm dünyaya gətirən Mirzabitə Abdullayevanın anası Şəlalə Abdullayeva uşaqların həkimlərin səhlənkarlığı nəticəsində öldüyünü deyib: “Xəstəxanada işıqlar sönüb, uşaqlar oksigen çatışmazlığından küvezdə ölüb. Biz işıqlar sönəndə dedik ki, generatoru işə salın, amma bunu etmədilər. Səhər saat altıya işləyəndə uşaqların iksinin öldüyünü dedilər. Uşaqlar havasızlıqdan öldü”.

Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri İradə Ağalarova isə APA-ya bildirib ki, uşaqların ölümünə səbəb elektrik enerjisinin kəsilməsi olmayıb: “Uşaqlar vaxtından əvvəl, müəyyən fəsadlarla doğulub. Anada da kəskin qan azlığı və anemiya müşahidə edilib. Hamiləliyin 31-ci həftəsində doğulan uşaqların çəkisi 1,1 və 1,305 kiloqram olub. Onların ikisi də doğuşdan 30 dəqiqə sonra ölüb. Sağ qalan körpənin çəkisi 1,250 kiloqramdır və müalicəsini davam etdirmək üçün Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərildi”.

Ölən körpələrin meyitləri də müayinə olunmaq üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

“Azərenerji” ASC-nin Salyan rayon şöbəsindən APA-ya verilən məlumatda qeyd olunub ki, Salyan rayonunda aparılan təmir işləri ilə bağlı elektrik enerjisinin iyunun 21-də gecə saat 1.00-dan-3.00-dək kəsiləcəyi barədə əlaqədar orqanlara qabaqcadan xəbərdarlıq olunub.

Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.

Valideynləri doğuşdan sonra küvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər.

Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov isə APA-ya bildirib ki, uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, uşaqlar hamiləliyin 31-ci həftəsində, yəni vaxtından əvvəl dünyaya gəlib. Ölən körpələrin çəkisi 1,1 və 1,305 kiloqram olub. Körpələrin doğuşdan 30 dəqiqə sonra öldüyü bildirilib. Sağ qalan körpənin çəkisi isə 1,250 kiloqramdır.

Səhiyyə Nazirliyi də Salyanda doğulan üçəmlərdən ikisinin ölümü faktına münasibət bildirib. Doğuşun hamiləliyin 31-ci həftəsində baş verdiyi, uşaqların çəkisinin çox az olduğu açıqlanıb. Küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatlara gəlincə, nazirlikdən bunun əsassız olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR