Bakı – APA. Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabr üçün müəyyənləşən siyahını Azərbaycan yığmasının liderləri üçün uğurlu saymaq olar.
Belə ki, sentyabrda olduğu kimi, bu dəfə də idmançılarımızdan geriləyən olmayıb. Yeni cədvəldə yenə 4 cüdoçumuz ilk “onluq”dadı. Onlardan Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) bütün rəqiblərindən üstündü və ilk pillədəki yerlərini qoruyublar.
60 kq çəki dərəcəsində Orxan Səfərovla 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə onlara çatmaq üçün addımlayır. Hərəyə 1 rəqibini qabaqlayan həmyerlilərimiz, müvafiq olaraq 2-ci və 8-ci yerə yüksəliblər.
Ötən aydan Peter Zayzenbaherin baş məşqçi təyin olunduğu yığmamızda İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Uşqanqi Kokauri (+100) və Kifayət Qasımova (57 kq) da yarışa qatılmadan irəliləyiblər. Onlar rəqiblərinin zəif çıxışı səbəbindən 1 pillə yüksələrək, müvafiq olaraq 25-ci, 35-ci, 39-cu və 61-cidi.
Orucovla Qasımov kimi Elxan Məmmədov (100 kq) da mövqeyini qoruyub. Dünya çempionumuz sentyabrda olduğu kimi yenə 24-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.