Azərbaycanın Estoniyadakı səfirliyi erməni təxribatının qarşısını alıb

Azərbaycanın Estoniyadakı səfirliyi erməni təxribatının qarşısını alıb
# 01 iyun 2015 15:58 (UTC +04:00)

Bakı – APA. “Tartu universiteti adından bir qrup tələbəmizin bu yaxınlarda Dağlıq Qarabağa etdiyi səfərə görə təəssüf edirəm. Bu səfər sırf təhsil xarakterli olub, onun siyasi motivi olmayıb”.

APA-nın məlumatına görə, bu sözlər Estoniyanın Tartu universitetinin rektoru Volli Kalmın Azərbaycanın Tallindəki səfiri Tofiq Zülfüqarova ünvanladığı məktubda deyilir.

V. Kalm bildirib ki, tələbələr Azərbaycanın müvafiq dövlət orqanlarının icazəsi olmadan Dağlıq Qarabağa səfər etmələrinin fəsadlarından xəbərsiz olublar. Bu səfərin münasibətlərdəki anlaşmazlığa səbəb olduğunu deyən rektor rəhbərlik etdiyi ali təhsil ocağının gələcəkdə oxşar halların təkrarlanmaması üçün əlindən gələni edəcəyini vurğulayıb.

V. Kalm qeyd edib ki, Tartu universiteti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və bu prinsipə sadiqdir.

Qeyd edək ki, 2015-ci ilin mayın 16-da Ermənistan və Rusiya mətbuatında Tartu universitetinin beynəlxalq münasibətlər fakültəsinin müəllim və tələbələrinin “Dağlıq Qarabağ Respublikası”na səfər etmələri barədə məlumat yayılıb. Erməni KİV-ləri bu səfəri “Arsax dövlət universiteti” ilə rəsmi əlaqələrin qurulması kimi təqdim ediblər. Azərbaycanın Estoniyadakı səfirliyi məsələ ilə bağlı müvafiq tədbirlər görüb, o cümlədən izahatın verilməsi tələbi ilə Tartu universitetinin rektoruna məktub göndərib.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Tartu universitetinin rektoru V. Kalm Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib. Səfər zamanı Bakı Dövlət Universiteti ilə Tartu universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb və nəticədə həmin universitet 2007—2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil almasını nəzərdə tutan dövlət proqramına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR