Azərbaycanın tədiyyə balansında mənfi saldonun artımı - TƏHLİL

Azərbaycanın tədiyyə balansında mənfi saldonun artımı - <span style="color: red;">TƏHLİL
# 01 oktyabr 2015 12:13 (UTC +04:00)

Azərbaycanın müasir iqtisadiyyatı tarixində ilk dəfə olaraq bu il ölkənin tədiyyə balansında mənfi saldo yaranıb. Bu, yanvar-mart aylarının nəticəsində baş verib, yarımillik tədiyyə balansında isə mənfi saldo ilk rüblə müqayisədə daha artıb. Beləliklə, əgər yanvar-mart aylarının nəticəsində ümumi balansda mənfi saldo 4,6 mlrd. dollar olubsa, yanvar-iyun ayları üzrə bu rəqəm 6,3 mlrd. dollar təşkil edib. Bunun əsas və demək olar ki, yeganə səbəbi ixracdan əldə edilən vəsaitlərin azalmasıdır. Bu azalma ilk növbədə neft sektoru üzrə baş verir. 2015-ci ilin yanvar-iyun ayları ərzində neft-qaz sektoru üzrə ixrac 7,9 mlrd. dollara bərabər olub ki, bu da 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə (15,6 mlrd. dollar) 2 dəfəyə yaxın azdır.

Cari əməliyyatlar hesabı üzrə müsbət saldo 63,3 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 101 dəfə az olub. Burada kiçik də olsa müsbət saldonun yaranmasında neft ixracı öz rolunu oynayıb. Belə ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının müsbət saldosu 3,899 mlrd. dollara bərabər olub, lakin, göründüyü kimi, qeyri-neft sektoru üzrə mənfi saldo (3,836 mlrd. dollar) nəticəsində ümumi saldo cəmi 63 mln. dollara enib. Xarici ticarət üzrə saldo bu ilin ilk yarımilliyi ərzində 3,8 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 2,9 dəfə azdır. Ümumiyyətlə neft-qaz sektoru xarici ticarəti üzrə müsbət saldo son bir ildə 2,04 dəfə azalıb.

Cari əməliyyatlar hesabının digər komponenti olan xidmətlər üzrə də mənfi saldonun azalması müşahidə olunub. Qeyd edək ki, xidmətlər üzrə saldo ənənəvi olaraq mənfidir, bu səbəbdən də mənfi saldonun azalması müəyyən tarazlaşdırıcı rol oynayır. Rəqəmlərə gəlincə, bu ilin yanvar-iyun aylarında xidmətlər üzrə mənfi saldo 2,4 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 22,6% azdır. Bu azalma həm Azərbaycan rezidentləri tərəfindən göstərilər xidmətlərinin dəyərinin artması (10,2%) və Azərbaycan rezidentlərinə göstərilən xidmətlərinin dəyərinin azalması (9,9%) hesabına baş verib. Xidmətlər balansında bir neçə müsbət dəyişikliklər baş verib. İllik müqayisədə nəqliyyat xidmətləri üzrə müsbət saldo 10,2 dəfə artıb ki, bu da 61,1 faizlik rezidentlər tərəfindən göstərilən xidmətlərin artması nəticəsində baş verib. Nəticədə, müsbət saldo 267 mln. dollara çatıb.

Turizm sahəsində isə tədricən tarazlaşma baş verir. Ötən ilin yanvar-iyun aylarında bu sektorda 467 mln. dollar həcmində mənfi saldo müşahidə olunub, bu il isə mənfi saldo cəmi 118 mln. dollara enib ki, bu da rezidentlərə göstərilən xidmətlərin dəyərinin 1,6 mlrd. dollardan 1,2 mlrd. dollara azalması nəticəsində baş verib. Eyni zamanda rezidentlər tərəfindən göstərilən turizm xidmətlərinin dəyəri dəyişməyib və 1,1 mlrd. dollara bərabər olub. Qeyd edilən tarazlaşma yalnız rezidentlər tərəfindən xaricdə turizm xidmətlərindən daha az istifadə etməsi səbəbindən baş verib. Xidmətlər balansında mənfi saldonun yaranmasında əsas rolu neft-qaz sektorunda tikinti xidmətləri oynayır. Bu sektorda xarici rezidentlər tərəfindən göstərilən xidmətlərin dəyəri yarım il ərzində 1,8 mlrd. dollara bərabər olub, digər sektorlar üzrə də mənfi saldo olduğundan tikinti sahəsində ümumi mənfi saldo 1,9 mlrd. dollar təşkil edib.

Gəlirlər balansı ənənəvi olaraq mənfi saldoya malikdir. Belə ki, yanvar-iyun aylarında gəlirlər üzrə mənfi saldo 1,3 mlrd. dollar təşkil edib. O cümlədən, rezidentlərin gəlirləri 652 mln. dollar, qeyri-rezidentlərin gəlirləri isə 2 mlrd. dollara yaxındır. Beləliklə, Azərbaycandan qeyri-rezidentlərin gəlirləri üzrə ödənişlər ümumi gəlirlərin təxminən 75 faizini təşkil edib. Bu ödənişlərin 71 faizi neft-qaz sektorun payına düşür ki, bunun da əsas hissəsinin neft-qaz sazişləri üzrə qeyri-rezidentlərin gəlirlərinin repatriasiyasıdır. Ümumiyyətlə, gəlirlər üzrə mənfi saldo illik müqayisədə 19% azalıb. Gəlirlərdə mənfi saldonun yaranmasında neft-qaz sektoru müstəsna rol oynayıb – saldo burada mənfi 1,275 mlrd. dollar təşkil edib. Ölkəyə daxil olan gəlirlərin (652 mln. dollar) 536 mln. dolları qeyri-neft sektorlarının payına düşüb ki, bu da gəlirlər sahəsində vəziyyəti bir qədər tarazlaşdırıb.

Cari əməliyyatlar hesabının sonuncu komponenti olan cari transferlər (və ya təkrar gəlirlər) üzrə cəmi 23 mln. dollarlıq müsbət saldo yaranıb. Ölkəyə pul köçürmələrin həcmi 569 mln. dollar, ölkədən köçürmələrin həcmi isə 546 mln. dollar bərabər olub. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə burada həm müsbət, həm mənfi dəyişikliklər müşahidə olunur. Müsbət dəyişikliklər kimi ölkədən transferlərin 1,7 dəfə azalmasını qeyd etmək olar. Müvafiq olaraq, mənfi amil kimi ölkəyə transferlərin 52% səviyyəsində azalması qeyd edilməlidir. Qeyd edək ki, əvvəlki illərdə transferlər sahəsində mənzərə başqa idi - Azərbaycana transferlərin həcmi ölkədən transferlərin həcmini dəfələrlə üstələyirdi. Daha dəqiq desək, bu hal 2012-ci ilin ortalarına kimi müşahidə olunub, son 3 il ərzində Azərbaycan artıq pərakəndə pul köçürmələrin mənbə-ölkəsidir. Göründüyü kimi, bu il vəziyyət bir qədər dəyişib və ölkəyə köçürmələrin həcmi yenidən ölkədən transferləri üstələməyə başlayıb.

Nəhayət, maliyyə hesabı üzrə yanvar-iyun aylarında 2,1 mlrd. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə təxminən 2 dəfə azdır. Maliyyə hesabına əsasən, 2015-ci ilin yanvar-iyun aylarında ölkənin xalis maliyyə aktivləri 8,9 mlrd. dollar artıb. Bu göstərici əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (1,7 mlrd. dollar), portfel investisiyalar (182 mln. dollar) və digər investisiyalar (7,06 mlrd. dollar) hesabına formalaşıb. Eyni zamanda ölkənin xalis maliyyə öhdəlikləri 2,7 mlrd. dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyaların (2,1 mlrd. dollar), portfel investisiyaların (748 mln. dollar) artması və digər investisiyaların 230 mln. dollar həcmində azalması hesabına formalaşıb.

Tədiyyə balansının təsvirini yekunlaşdırmaq üçün bir daha əvvələ qayıtmaq lazımdır, çünki bütün yuxarıda qeyd edilən rəqəmlər müxtəlif tendensiyaları göstərsə də, əsas kəskin azalma tendensiyası xarici ticarətin hesabına formalaşıb. Bir daha vurğulamaq lazımdır ki, ötən ilin 6 ayı ilə müqayisədə neft-qaz sektoru üzrə cari əməliyyatlarında daxilolmalar 2 dəfəyə yaxın azalıb. Sirr deyil ki, bunun səbəbi neftin dünya bazarında ucuzlaşmasıdır. Ötən ilin yanvar-iyununda dünya bazarında “Brent” markalı neftin qiyməti 107-114 dollar olub, bu ilin ilk yarımilliyində isə bu rəqəm 47-68 dollar təşkil edib. Aydındır ki, belə olan halda neft ixracatçısı olan ölkənin tədiyyə balansında müsbət saldonu saxlamaq qeyri-real görünür. Bu tam izah olunandır, çünki ixracdan əldə edilən vəsaitlərin həcmi azalır, idxal isə təxminən həmin səviyyədə qalır. Nəticədə xarici ticarətdə müsbət saldo azalır. Hələlik ixrac idxalı nəzərə çarpan dərəcədə üstələyir, lakin tədiyyə balansının digər komponentlərin mənfi roluna görə tədiyyə balansında mənfi saldo möhkəmlənir. Əgər əvvəllər bütün “mənfi” komponentlər neft ixracatı hesabına neytrallaşırdısa, indi bu hal baş vermir.

Vahab Rzayev

APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR