Bakıda 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi keçiriləcək

Bakıda 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi keçiriləcək
# 23 mart 2015 16:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Aprelin 2-dən 4-dək Bakıda 14-cü Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF-2015") sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirliyin dəstəyi ilə baş tutacaq sərgi üç gün ərzində turizm sahəsi üzrə danışıqların aparılması, görüşlərin keçirilməsi, fikir və təkliflərin mübadiləsi üçün əlverişli imkan yaradacaq.

"AITF-2015" sərgisində dünyanın 40 ölkəsindən 350-dən çox şirkət 70 turizm istiqaməti üzrə öz təkliflərini təqdim edəcək. Onların arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və spa proseduraları mərkəzləri, idman və ekoloji turizm obyektləri var. Sərgidə 18 ölkə öz milli stendi ilə iştirak edəcək və onların arasında Türkiyə, İran, Gürcüstan, Argentina, Bolqarıstan, Dominikan Respublikası, Hindistan, İran, Malayziya, Mərakeş, BƏƏ, Sloveniya və Tailand, Maldiv kimi ölkələr var.

Sərgidə ölkəmizin 13 regionunun stendləri ilə təmsil olunması nəzərdə tutulub.

"AITF" sərgisində Mədəniyyət və Turizm Nazirliyinə məxsus 40 kvm ərazidə stend qurulacaq və burada nazirliklə yanaşı Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Baku şəhər turu, Şahdağ Turizm Mərkəzinin nümayəndələri köşklərlə təmin olunacaq.

"AITF" sərgisinə paralel olaraq regionun otel və restoran sənayesinin yeganə ixtisaslaşmış sərgisi olan 9-cu Qafqaz Beynəlxalq "Otellər, restoranlar və supermarketlər üçün avadanlıq və ləvazimatlar" ("Horex Caucasus-2015") və 2-ci Xəzər Beynəlxalq "Katerlər və Yaxtalar" ("CIBS-2015") sərgisi də keçiriləcək.

Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian LLC" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group Plc" şirkətləri çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR