Nyu-Yorkda Aida Mahmudovanın “Ötüb keçərkən...” adlı fərdi sərgisi açılıb

Nyu-Yorkda Aida Mahmudovanın “Ötüb keçərkən...” adlı fərdi sərgisi açılıb
# 01 iyun 2015 15:33 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkun “Leila Heller” Qalereyasında tanınmış azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” ("Passing By…") adlı fərdi sərgisi açılıb.

APA-nın Azərtac-a istinadən xəbərinə görə, ayın 28-də sərginin açılışı münasibətilə təntənəli qəbul olub. Tədbirdə iştirak edən qonaqlar Aida Mahmudovanın əsərləri ilə bağlı fikirlərini bölüşüblər.

Professor Nərgiz Paşayeva bunları deyib: “Qızım Aidan kiçik yaşlarından şəkil çəkir. Amma əsas məsələ bu deyil. Axı, uşaqlıqda və hətta sonralar da, demək olar, hamı şəkil çəkir. Amma uzun illər Londonda yaşayan və təhsil alan Aida burada əldə etdiyi akademik, nəzəri baza biliklərini anadangəlmə rəssamlıq istedadı ilə uyğunlaşdırmağı bacaran əsl peşəkardır. Mənim üçün əsas məsələ budur ki, indi onun özünü rəssam adlandırmağa tam mənəvi hüququ çatır. 20 il usanmadan öz üzərində çalışıb”.

Vernisaja muzey və təsisatların nümayəndələri, tənqidçilər, qalereya sahibləri, tanınmış rəssamlar və diplomatik şəxslər gəliblər. Tanınmış rəssamlar Şirin Neşat, Şodja Azəri, Əfruz Amiqi, Emiliya Kabakova, Vaşinqtondakı Hirşhorn Muzeyinin direktoru Melissa Çiu, sənətşünaslıq doktoru Şiva Balaqi, “Barbara Gladstone” Qalereyasının direktoru Karolin Luçe və dünya art-birliyinin digər nümayəndələri qonaqlar arasında olublar.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev və ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov da qonaqlar arasında olublar.

Sərgi mətbuatın diqqət mərkəzində olub: Endi Uorxollun 1969-cu ildə təsis etdiyi “Interview” jurnalı rəssamdan böyük müsahibə alıb, nüfuzlu “PaperMag” resursu “Ötüb keçərkən...” sərgisini Nyu-Yorkun on ən yaxşı sərgisi siyahısına daxil edib.

Sərgi iyulun 3-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR