AMEA prezidenti Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

AMEA prezidenti Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
# 08 iyul 2015 21:10 (UTC +04:00)

AMEA-dan APA-ya verilən məlumata görə, diplomat öncə səmimi qəbula görə minnətdarlığını bildirib. Azərbaycandakı diplomatik fəaliyyəti müddətində gördüyü işlərdən danışan N.Paskeviç qeyd edib ki, səfirliyin fəaliyyətinin əsas istiqamətləri hər iki ölkənin ticari-iqtisadi əlaqələrini fəallaşdırmaqdan ibarət olub. Ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirən diplomat son illərdə iki ölkə arasında iqtisadi, aqrar, turizm və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük imkanların yarandığını deyib. Həmçinin Azərbaycan və Belarus arasında elmi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin mühüm olduğunu qeyd edib.

Görüşdə yüksək texnologiyaların tətbiqinə və kosmik sənayenin yaradılmasına Azərbaycanda böyük diqqət göstərildiyini bildirən akademik A.Əlizadə Belarus kosmik proqramlarının imkanlarından və belaruslu alimlərin bu sahədə təcrübəsindən yararlanmağın əhəmiyyətindən danışıb. O cümlədən akademik Azərbaycan alimlərinin də kosmik sahədə belaruslu alimlərlə birgə elmi tədqiqatlar aparmaq üçün maraqlı olduğunu vurğulayıb.

Daha sonra akademik A.Əlizadə Belarus Respublikası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakov ilə görüşü xatırladıb. İki ölkənin akademik institutları arasında indiyədək müştərək tədqiqatların aparıldığını və mühüm nəticələr əldə edildiyini qeyd edən AMEA rəhbəri bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Sonda AMEA prezidenti, akademik Akif Əlizadə Nikolay Paskeviçə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR