Azərbaycanda İKT-nin inkişaf indeksi ötən il 8,4 olub

Azərbaycanda İKT-nin inkişaf indeksi ötən il 8,4 olub
# 08 iyul 2014 10:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanda informasiya cəmiyyəti” statistik məcmuəsi nəşr olunub. Nəşrdə 2008-2013-cü illər üzrə ev təsərrüfatlarında və müəssisələrdə İKT sistemləri, kompüterlərin mövcudluğu və onlardan istifadə olunması, internetə çıxış imkanları, istifadəsi, əhalinin elektron bilikləri, habelə bu sektoru üzrə əsas göstəricilər və İKT məhsullarının idxalı və ixracı haqqında geniş məlumatlar əks olunub.

APA-Economics”in məcmuəyə istinadən verdiyi məlumata görə, əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 2013-cü ildə 73 nəfərə qədər artıb. 2008-ci ildə isə bu göstərici 17 olub. 2008-ci ildə əhalinin hər 100 nəfərinə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 7 olduğu təqdirdə, 2013-cü ildə onların sayı 55-ə yüksəlib.

Bundan başqa, mobil rabitə ilə əhatə olunmuş ərazidə yaşayan əhalinin ölkə əhalisində xüsusi çəkisi 2008-ci ildən 0,8% artaraq 99%-dan 2013-cü ildə 99,8%-a çatıb.

Ay ərzində internetdən 20 saatlıq istifadə üçün orta tarif 2008-ci ildə 2,1 manatdan 2013-cü ildə 1,3 manata qədər azalıb. 2008 -2013-cü illərdə internetdən istifadə tarifinin adambaşına düşən orta aylıq ümumi milli gəlirə nisbəti 0,9%-dan 0,3%-a düşüb. O cümlədən həmin dövrdə ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 9 manatdan enərək 7 manat təşkil edib.

Mobil rabitə danışığı tarifinin adambaşına düşən orta aylıq ümumi milli gəlirə nisbəti isə 2008-ci ildən 2013-cü ilə kimi 3,4%-dan 1,4%-a düşüb.

İKT-nin inkişaf indeksi 2013-cü ildə 8,4, 2008-ci ildə isə 3,1 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR