Koreyanın Azərbaycandakı səfirliyi və SEBA-nın təşkilatçılığı ilə Füzulidə məcburi köçkünlər üçün layihə həyata keçirilib - VİDEO - FOTOSESSİYA

Koreyanın Azərbaycandakı səfirliyi və SEBA-nın təşkilatçılığı ilə Füzulidə məcburi köçkünlər üçün layihə həyata keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 21 aprel 2015 10:57 (UTC +04:00)

Layihəyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Füzuli rayon İcra Hakimiyyəti dəstək verib.

SEBA-dan APA-ya verilən məlumata görə, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İn və SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova əvvəlcə Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar.

Sonra Füzuli Müalicə Diaqnostika Mərkəzində layihənin açılış mərasimi keçirilib. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Koreya səfiri Çoi Suk İn və SEBA Assosiasiyasının sədri, xanım Ruhəngiz Heydərova çıxış edərək layihənin vacibliyini və böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Layihənin ilk tədbirində Kyung Hee Universitetinin Bakıda - SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının əməkdaşları və koreyalı həkim-professorlar və fizioterapevt tərəfindən 260 nəfər məcburi köçkünə könüllü tibbi xidmət göstərilib. İki gün ərzində osteoxondroz, iflic, artrit, revmatizm, əzələ ağrıları və s. bu kimi xəstəliklərdən əziyyət çəkənlərin müayinəsi ilə bərabər, hər bir pasiyentə içərisində 13 növ Koreya dərmanları olan bağlamalar paylanılıb.

Səfər çərçivəsində Koreya səfiri Çoi Suk İn və SEBA Assosiasiyasının sədri R. Heydərova Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb, məcburi köçkünlərin məskunlaşdığı Zobucuq 2 qəsəbəsi ilə tanış olaraq bir ailəyə baş çəkib. Həmin ailəyə səfirlik tərəfindən elektrik ətçəkən maşın, SEBA Assosiasiyası tərəfindən isə paltaryuyan maşın hədiyyə olunub.

Layihə çərçivəsində Horadiz şəhər 3 saylı tam orta məktəbində 60 nəfərdən ibarət, 3-5-ci sinif şagirdlərinin iştirak etdiyi “Sehirli nağıl” rəsm müsabiqəsi olub. Şagirdlər Azərbaycan nağılı "Göyçək Fatma" və Koreya nağılı "Şim Çonqun hekayəsi" haqqında təsəvvürlərini rəsmlərdə təsvir ediblər. Daha sonra, müsabiqə iştirakçıları səfirlik və Azərbaycanda fəaliyyət göstərən Koreya şirkəti “Halla” Korporasiyası tərəfindən məktəbli çantaları və dəftərxana ləvazimatları ilə mükafatlandırılıblar. SEBA Assosiasiyası, öz növbəsində, şagirdlərə müxtəlif həvəsləndirici hədiyyələr təqdim edib.

Sonra təşkilatçılar Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən Mirmehdi Xəqani adına musiqi təmayüllü internat tipli gimnaziyada olarkən, orada təhsi alan 311 nəfər uşaqla görüşüb, onlara hədiyyələr və şirniyyatlar paylayıblar.

Layihənin sonunda Horadiz şəhərinin Muğam Mərkəzində Koreya səfiri Çoi Suk İn və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək bu geniş layihənin yekunlarından danışıblar. Layihənin çoxtərəfli olduğu və uğurlu keçirildiyi qeyd edilib.

Sonra isə toplanan 300-ə yaxın Fizuli sakininə 2012-ci ildə rejissor Lee Yong-ju tərəfindən çəkilən və Koreyada böyük uğur və eyni zamanda dünya ölkələrində də populyarlıq qazanmış "Memarlıq-101" Koreya filmi nümayiş olunub.

"Sabaha sağlam ruhla" layihəsi Koreya və Azərbaycan arasında qarşılıqlı anlaşma və inam əsasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Layihənin bu il Azərbaycanın daha iki rayonunda da həyata keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR