Azərbaycanda “İƏT Modeli” – Beynəlxalq Münasibətlər Akademiyası”-nın mühazirələrinə yenidən start verilib

Azərbaycanda “İƏT Modeli” – Beynəlxalq Münasibətlər Akademiyası”-nın mühazirələrinə yenidən start verilib
# 17 aprel 2013 07:16 (UTC +04:00)

Bakı-APA. Bu həftədən başlayaraq artıq üç ildir Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - beynəlxalq təhsil layihəsinə” növbəti dəfə start verilir. Bu dəfə “İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” statusu altında fəaliyyət göstərəcək layihə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzi, Azərbaycan Respublikası, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

DƏ-İKGF-dən APA-ya verilən məlumata görə, DƏ-İKGF-nin əsas məqsədlərindən biri bu proqramı həyata keçirməklə İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, ölkənin müxtəlif qurumları və beynəlxalq təşkilatlarda işləmək istəyən gənclərin idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. Layihədə əsasən Bakı Dövlət Universiteti olmaqla Bakı ali məktəblərinin 150-dən artıq tələbəsi iştirak edir. 6 həftə ərzində tələbələr İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olacaqlar. İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, səfirliklərinin əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri tələbələrə müvafiq mövzular üzrə mühazirələr oxuyacaqlar.

6 həftə ərzində İƏT-in aparıcı ölkələrini təmsil edən gənclərin yaratdıqları işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə edəcək, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflər verəcəklər. Müzakirələrin nəticəsi olaraq ənənəvi olaraq may ayının sonunda Bakıda model oyunlar çərçivəsində “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ni simulyasiya edən yekun toplantı keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcək. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə münaqişələrin həll edilməsi üzrə təkliflər öz əksini tapacaq.

İki aylıq kursların sonunda keçiriləcək “İƏT XİN Sammitində” qələbə əldə edən işçi qruplar xüsusi mükafatla təltif olunacaq və 2013-cü ilin iyul ayında Malyaziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək beynəlxalq “İƏT modeli” yarışmalarına qatılmaq hüququ əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR