Təhsil Nazirliyi lisey və gimnaziyalarla bağlı xüsusi qərar qəbul edəcək

Təhsil Nazirliyi lisey və gimnaziyalarla bağlı xüsusi qərar qəbul edəcək
# 04 mart 2013 13:48 (UTC +04:00)

Bayram Hüseynzadə: “Bu gün lisey və gimnaziyaların şagirdləri bu il qəbul edərək gələn il çıxarılması məsələsi problemə çevrilib”

Bakı. Könül Kamilqızı - APA. Son günlər Azərbaycanda fəaliyyət göstərən lisey-gimnaziyalar və özəl orta məktəblərin şagirdlər qarşısında müəyyən tələblər qoyması ciddi narahatlıq doğurub. Bununla bağlı APA-ya daxil olan məlumatlarda bildirilib ki, belə məktəblərə şagirdlər müəyyən şərtlərlə müvafiq keçid balını toplayaraq qəbul olunsalar da, bir ildən sonra rahat şəkildə çıxarıla bilərlər. Hətta bəzi lisey-gimnaziyaların şagirdlərinə tədris ilinin sonunda müəyyən balı toplamadıqda, müvafiq qanunvericiliyə əsasən təhsil müəssisəsindən çıxarılacağı bildirilib.

Təhsil Nazirliyi ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə APA-ya açıqlamasında deyib ki, hər bir lisey-gimnaziya və özəl məktəblərin öz daxili əsasnamələri var və onun əsasında fəaliyyət göstərirlər. Onun sözlərinə görə, bu gün lisey və gimnaziyaların şagirdləri bu il qəbul edərək gələn il çıxarılması məsələsi problemə çevrilib: “Bu məktəblərin hər biri çalışır ki, onlarda ancaq qəbul balı yüksək olanlar təhsil alsınlar. Bu baxımdan onlar buraxılış siniflərinə yaxın nəticələri aşağı olan şagirdləri məktəbdən çıxarırlar. Təhsil qanunvericiliyində qeyd olunub ki, lisey-gimnaziyalarda xüsusi qabiliyyətli uşaqlar təhsil almalıdır. Həmin orta məktəblərin istedadlı şagirdləri seçmə hüquqları var. Bu gün yaranan problemləri həll etmək üçün Təhsil Nazirliyi mütəxəssislərin iştirakı və rəyi ilə yeni qaydalar hazırlayaraq təsdiq etməlidirlər ki, onlar hansısa istedadlını seçibsə, onu məktəbdən çıxarmamalı, əksinə inkişaf etdirməlidir”.

B.Hüseynzadə qeyd edib ki, artıq Təhsil Nazirliyi lisey və gimnaziyalarla bağlı ayrıca qərar qəbul etmək fikrindədir. Onun sözlərinə görə, yeni qərarda şagirdlərin qəbulu, onların tədrisi, digər məsələlərlə bağlı lazımi göstərişlərin verilməsi, bir sözlə, bütün məsələlərin həmin qaydalarla tənzimlənməsi nəzərdə tutulur: “Bununla da şagirdlərin ilin müxtəlif vaxtlarında təhsil müəssisələrindən çıxarılması həll olunacaq. Ancaq dövlət məktəbləri qeyri-şərtsiz və istedadından asılı olmayaraq şagirdləri qəbul etməlidir. Çünki dövlət məktəblərində hamının oxumaq hüququ var. Müəllimlər də o şagirdlərlə işləməlidir. Heç bir halda şagird dövlət məktəbindən çıxarıla bilməz. Əgər şagird proqramı mənimsəyə bilmirsə, o, sinifdə saxlanıla və yalnız proqramı mənimsədikdən sonra növbəti sinfə keçirilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR