Azərbaycan və Latviya arasında sığorta-pensiya sistemi sahəsində müzakirələr aparılıb - FOTO

Azərbaycan və Latviya arasında sığorta-pensiya sistemi sahəsində müzakirələr aparılıb - <span style="color: red;">FOTO
# 24 aprel 2013 10:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Bakıda səfərdə olan Latviya prezidenti Andris Berzinşin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində gələn Latviyanın Sosial Rifah Nazirliyinin dövlət katibi Yeva Jaunzeme ilə görüşüb.

APA-Economics”in xəbərinə görə, S.Müslümov Azərbaycanda sığorta-pensiya sistemi və burada aparılan islahatlar barədə ətraflı məlumat verib.

S.Müslümov bu gün Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbətinin Avropa Sosial Xartiyasında nəzərdə tutulan göstəricilərə çatdığını, həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçıların 97%-nin pensiya məbləğinin yoxsulluq həddinin üzərinə çıxdığını bildirib.

Sığorta-pensiya sahəsində digər ölkələrlə əməkdaşlıq məsələlərinə toxunan S.Müslümov qeyd edib ki, bu sahədə əsas istiqamətlərdən biri xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən vətəndaşların gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınması məsələsidir. Hazırda Azərbaycanın pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzaladığı 10 sazişin uğurla tətbiq olunduğunu deyən DSMF sədri Latviya ilə də bu istiqamətdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini vurğulayıb.

O, həmçinin nəzərə çatdırıb ki, Azərbaycanda buranın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər də məcburi dövlət sosial sığortası ilə əhatə olunur. Hazırda fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 14 951 nəfər təşkil edir ki, onların da 14 nəfəri Latviya vətəndaşlarıdır.

S.Müslümovun sözlərinə görə, Qazaxıstan, Özbəkistan, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan kimi ölkələri ilə artıq müvafiq sazişlər mövcuddur, Rusiya, Baltikyanı və bir sıra Avropa ölkələri ilə bu cür sazişlər işlənməkdədir. O, sığorta-pensiya sisteminin inkişafı üçün bir sıra parametrlərin mövcudluğundan və qarşıda duran əsas vəzifələrdən, Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatı istiqamətində görülən işlərdən də danışıb.

Öz növbəsində xanım Y.Jaunzeme Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirib. O, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıb. Y.Jaunzemenin sözlərinə görə, müzakirələrin əsas məqsədi həm Azərbaycanın bu sahədə təcrübənin öyrənilməsi, həm də əməkdaşlığın genişləndirilməsi məsələlərin müzakirə edilməsidir.

Görüşdə iki ölkə arasında sığorta-pensiya sahəsi üzrə əməkdaşlıq istiqamətində mövcud imkanlar nəzərdən keçirildi və bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR