Elxan Süleymanov: “İşğalçı dövlətin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi Avropa dəyərlərinə hörmətsizliyin nümayişindən başqa bir şey deyil”

Elxan Süleymanov: “İşğalçı dövlətin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi Avropa dəyərlərinə hörmətsizliyin nümayişindən başqa bir şey deyil”
# 29 aprel 2013 15:32 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. AŞPA-nın yaz sessiyası çərçivəsində 5 nümayəndə heyətini təmsil edən 25 deputatın imzası ilə fevralın 18-də Ermənistanda keçirilmiş prezident seçkilərində AŞPA seçki müşahidə missiyasına etirazı özündə ehtiva edən qətnamə layihəsinin müzakirəyə çıxarılmasının qarşısını alınıb. Bu barədə APA-ya AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.

E. Süleymanov bildirib ki, AŞPA deputatlarının imzaladıqları qətnamə layihəsində qaldırılan məsələ prinsipial xarakter daşıyıb: “Həmin qətnamə təklifində sorğulanırdı ki, Avropa Şurasının üzvü olan digər dövlətin – Azərbaycanın – 20% ərazisini zorakılıqla işğal edən, 1 milyona yaxın insanı məcburi köçkünə çevirən, əsas beynəlxalq hüquq normalarını, demokratiya, insan hüquqları və qanunun aliliyinin bütün standartlarını pozan Ermənistanda hansı meyarlarla seçki müşahidə missiyası təşkil edilə və demokratiyanın səviyyəsi qiymətləndirə bilər? Başlıca olaraq, qətnamə təklifində beynəlxalq seçki müşahidə missiyalarının təşkil edilməsi üçün ilkin zəruri şərtin digər dövlətin ərazisinin işğal edilməməsi təklifi irəli sürülmüşdü və bu zəruri şərtin müəyyənləşdirilərək qəbul edilməsi üçün açıq müzakirələrin keçirilməsinin vacibliyi vurğulanırdı. Sənəd layihəsində qeyd edilirdi ki, işğal kimi beynəlxalq cinayət hərəkətinə görə təqsirli olan hər hansı üzv dövlətdə seçkilərin monitorinqinin keçirilməsini, həmin seçkilərin demokratik standartlar prizmasından dəyərləndirilməsini təşkil etməzdən əvvəl işğalın aradan qaldırılması və əvvəlki hüquqi vəziyyətin bərpası mütləq ilkin şərt olmalıdır”.

Millət vəkili assambleyada prosedur qaydalarına uyğun təqdim olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə qətnamə layihəsinin qarşısının alınmasının Azərbaycan tərəfini narahat etdiyini bildirib. E. Süleymanov hesab edir ki, qətnamənin müzakirəyə çıxarılmamasının səbəbi AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir müzakirənin aparılmasının qarşısının alınması cəhdləri ilə bağlıdır: “İnsan hüquqlarına, demokratiya və hüququn aliliyinə hörməti özünün əsas məqsədi hesab edən AŞPA üçün bu utancverici və narahatedici hal sayılmalıdır. Belə hallardan biri də ondan ibarətdir ki, işğalçı Ermənistan bu ilin iyul ayından Avropa Şurasının əsas qurumlarından biri olan Nazirlər Komitəsinə sədrlik edəcək. Hesab edirəm ki, Avropa Şurasına üzv olan Azərbaycanın ərazilərini işğal altında saxlayan digər üzv dövlətin – Ermənistanın – Avropa Şurasında Avropa dəyərləri, demokratiya, insan hüquqları və hüququn aliliyinə nəzarət edən bir quruma sədrlik etməsi qeyd edilən dəyərlərə hörmətsizliyin nümayişindən başqa bir şey deyil”.

E. Süleymanov qeyd edib ki, yaz sessiyasından əvvəl AŞPA-ya Xocalı faciəsinin həmmüəllifi və aktiv iştirakçılarından biri olmuş Serj Sarkisyanın yenidən prezident seçilməsinin demokratiya və insan hüquqları prizmasından qiymətləndirilməsinin yolverilməzliyini ehtiva edən bir neçə məktubla müraciət edib, lakin bu məktubların heç birinə indiyədək cavab verilməyib: “Görünür, bunun səbəbi cinayətkar əməllərinin ört-basdır edilməsi məqsədilə Ermənistanın AŞPA tərəfindən müəyyən mənada çətir altına alınaraq veto və ya açıq demokratik müzakirələrin susdurulması yolu ilə “toxunulmazlıq” əldə etməsi ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR