Bank Of Baku

Mahmud Əhmədinejad: “Barak Obamaya kömək etmək istəyirik, təki onun dinləyən, anlayan qulaqları olsun” - FOTO

Mahmud Əhmədinejad: “Barak Obamaya kömək etmək istəyirik, təki onun dinləyən, anlayan qulaqları olsun” - <font color=red>FOTO</font>
# 10 noyabr 2009 09:33 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. İstanbuldakı İSEDAK zirvə toplantısından sonra “Ceylan İntercontinental” mehmanxanasında mətbuat konfransı keçirən İran prezidenti Mahmud Əhmədinejad sahib olduqları zənginləşdirilmiş uranın Türkiyəyə verilməsi təklifini rədd edib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, mətbuat konfransına kapitalist sisteminin son durumunun təhlili ilə başlayan Əhmədinejad, bu sistemin qəti məğlubiyyətə məruz qaldığını və artıq onun sonuna gəlindiyini iddia edərək, insanlara rifah bəxş edən sistem yaratmağın şərt olduğunu bildirib. Nüvə enerjisinin faydalarından bəhs edən Əhmədinejad dünyadakı bir neçə dövlətin bu qüvvəni əlində saxlayaraq başqa ölkələrin güclənməsinə icazə vermək istəmədiyini deyib. İran prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Məhəmməd əl-Baradeyin “İranın əlində olan zənginləşdirilmiş uranı Türkiyəyə verməsi” təklifinə “Bu məsələ bizim üçün bağlanıb. Biz Qərb ölkələrinə öz təkliflərimizi vermişdik. Onlar bizə müsbət cavab verməyərək özlərini çətin vəziyyətdə qoydular. İran xalqı bizim inkişafımıza əngəl olanlara lazımi cavabı verib. Ona görə də biz sülhməramlı nüvə enerjisi barədə heç bir müzakirə aparmırıq”.

Mahmud Əhmədinejad Türkiyə ilə İran arasındakı ticarətin milli valyutalarla aparılacağına dair saziş imzalandığını, Rusiya və Suriyanın da bu sazişə qoşulacağını bildirib: “Dollarla ticarət etməyin bizə heç bir faydası yoxdur. Milli valyutalarla alver etmək millətlərin lehinədir. Yaxın gələcəkdə bunu başa düşən ölkələrin sayının artacağını ümid edirəm. İndi Türkiyə, Suriya və İran arasında viza rejimi yoxdur. İraq da bu sazişdə iştirak edəcək. Bu, bizi bölmək istəyənlərə verdiyimiz ən yaxşı cavabdır. Bizim əməkdaşlığımız heç kimin əleyhinə olmayıb, regionun lehinədir”.

Mahmud Əhmədinejad, nüvə silahlarının dövlətlərə heç bir faydası olmadığını deyib: “Əgər belə olsaydı, nüvə silahı Qəzza zolağı və ya Livanda keçirilən hərbi əməliyyatlarda İsrailin köməyinə çatardı”. Obama ABŞ prezidenti seçilməsindən sonra onu təbrik etdiyini xatırladan Mahmud Əhmədinejad ancaq gözləntilərinin əksinə olaraq Barak Obamanın ölkəsinin siyasətində önəmli dəyişikliklər etmədiyini vurğulayıb. Obamadan radikal dəyişikliklər gözlədiyini deyən İran prezidenti sözlərinə belə davam edib: “Əslində dəyişikliklər etmək o qədər də asan deyil. Əgər hörmətli Obama müvəffəqiyyət qazanmaq istəyirsə, böyük hədəflərə doğru ciddi qərarlar qəbul edərək getməlidir. Biz ona kömək etmək istədiyimizi elan etdik. Təki onun dinləyən, anlayan qulaqları olsun. Biz dəyişikliklərə hərarətli və müsbət baxır və böyük qərarların qəbul edilməsi üçün səbir edirik”.

Mahmud Əhmədinejadın 1 saat 40 dəqiqəlik mətbuat konfransında İranın Ankaradakı səfirliyinin göstərişləri ilə prezidentə sual vermək imkanı Türkiyənin islamçı mediasına yaradılıb. İqtidara yaxın olan islami yönlü media qruplarının müxbirləri İran prezidentinə sual verməzdən əvvəl onu tərifləyib, İsraili pisləyib və “Dünyada islam birliyinin qurulmağa başladığını” iddia ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR