Bank Of Baku

“20 yanvar” faciəsinin 20-ci ildönümü Misirdə qeyd edilib

“20 yanvar” faciəsinin 20-ci ildönümü Misirdə qeyd edilib
# 20 yanvar 2010 21:28 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. Misirdə “20 yanvar” faciəsi ilə bağlı tədbir keçirilib.Bu barədə Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən APA-ya bildirilib.

Tədbirin başlanğıcında 20 Yanvar faciəsi qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilərək, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra faciə haqqında ərəb dilinə dublyaj edilmiş “20 Yanvara aparan yol” sənədli filmi nümayiş etdirilib. Filmin tükürpərdici kadrları, sovet qoşunlarının dinc əhaliyə qarşı törətdikləri ağlasığmaz vəhşiliklər Misirli tədbir iştirakçılarını dəhşətə gətirib.

Konfransı giriş sözü ilə Azərbaycanın Misirdəki Səfiri cənab Faiq Bağırov açıb. Səfir öz çıxışında 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının dinc Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirib. F.Bağırov bu qanlı hadisələrdə səbəbkarları və iştirakçılarının hələ də öz cəzalarına çatmadıqlarını, dünya ictimaiyyəti tərəfindən bu faciəyə layiqli qiymət verilmədiyini diqqətə çatdıraraq, şəhid olmuş Vətən oğullarının ürəklərimizdə əbədi yaşayacağını vurğulayıb.

Daha sonra konfransda “Avropa və Yaxın Şərq” Media Qrupunun idarə heyətinin sədri professor Salah Cəfəravi, Misirdə ərəb dilində nəşr edilən “Azərbaycan” qəzetinin baş redaktoru Məhəmməd Sələmə, görkəmli yazıçı-publisist, doktor Əbdürrəhman Xəmisi və Misirdə təhsil alan azərbaycanlı tələbələrin “Vətən” təşkilatının sədri Azər Hüseynov çıxış ediblər.

Tədbirdə çıxış edənlər milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmasından, kütləvi qırğın nəticəsində yüzlərlə günahsız insanın amansızlıqla qətlə yetirilməsindən və totalitar sovet rejiminin cinayətkar mahiyyətinin bütün dünyaya bəlli olmasından ətraflı şəkildə bəhs edərək, 20 Yanvar şəhidlərinin ruhuna uca Allahdan rəhmət diləyiblər.

Mətbuat konfransının sonunda misirli və əcnəbi jurnalistlərin «20 Yanvar» faciəsi ilə bağlı sualları cavablandırılıb.

Konfrans zamanı 20 Yanvar faciəsini əks etdirən foto-stend, kompakt disklər, faciə ilə bağlı Səfirliyin bəyanatı, “Vətən” tələbə təşkilatı tərəfindən ərəb dilində nəşr olunmuş “Azərbaycan” qəzetinin yeni sayının nüsxələri iştirakçıların diqqətinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR