Bank Of Baku

İranda yeni zirehli texnikanı sınaqdan keçirib

İranda yeni zirehli  texnikanı sınaqdan keçirib
# 25 sentyabr 2012 12:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran iki yeni zirehli texnika istehsal edib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, ölkənin müdafiə naziri, general-mayor Əhməd Vahidinin iştirakı ilə “Hüveyze” adlanan yüngül zirehli texnika və “Talaiye” adlanan hərbçi daşıyan zirehli nəqliyyat vasitəsi ictimaiyyətə təqdim olunub.

Ə. Vahidi bildirib ki, “Hüveyze” zirehli texnikası son dərəcə yüngül və sadə iş prinsipinə malikdir: “Onun üzərində müxtəlif silah və hərbi təchizat yerləşdirmək mümkündür. Son dərəcə çevik bir hərbi nəqliyyat vasitəsidir. Münasib sürətə və diqqətdən yayınmaq sisteminə malikdir. Bu da gecə əməliyyatlarında hərbçilərin sürətli və asan yerdəyişməsinə imkan yaradır. Habelə yüngül olmasına görə hava nəqliyyatı vasitəsilə bu zirehli maşının daşınması əməliyyatı da asanlaşmış olur. Bütün bu xüsusiyyətləri nəzərə alaraq, İran Silahlı Qüvvələrinin müxtəlif əməliyyatlarında çox asanlıqla ondan istifadə etmək mümkündür. Ümumiyyətlə “Hüveyzə” zirehli texnikasından sərhəd zastavalarında, narkotik qaçaqmalçıları, habelə silahlı quldurlar və yolkəsənlərlə mübarizədə istifadə etmək olar”.

Onun sözlərinə görə, “Huveyzə” zirehli texnikası qeyri-hərbi sahələrdə də istifadə oluna bilər: “Məsələn, təbii fəlakətlər və fövqəladə hallar zamanı, o sıradan sel, qar uçqunu, meşə yanğını, ekologiyanın qorunması, qazma və kəşfiyyat əməliyyatları zamanı ondan istifadə edilə bilər. Bu texnikadan habelə sülhməramlı qüvvələr də təchiz oluna bilər”.

Ə. Vahidi deyib ki, “Təlaiye” hərbçi daşıyan zirehli nəqliyyat vasitəsi isə çevik və sürətli olmaqla yanaşı, sadə dizayn və idarəetmə sisteminə malikdir: “Bu texnika hərbi döyüş təchizatlarının yerləşdirilməsi, hər bir çarx üçün müstəqil fırlanma oxunun nəzərdə tutulması, yan tərəflərdə atəş açmaq üçün xüsusi mazğalların yerləşdirilməsi, münasib sürət və gücə malik olması baxımından ölkə silahlı qüvvələrinin mobil fəaliyyətləri və sürətli yerdəyişmələri zamanı istifadə edilə bilər.

Qeyd edək ki, İran yerli istehsal olan “Rəd” (“Şimşək”) raket-zenit kompleksinin də sınağını keçirib. Bu sistem ABŞ başda olmaqla xarici qüvvələrin hərbi təyyarələrinə qarşı hazırlanıb. “Rəd” 75 min fut yüksəklikdəki hədəfləri müvəffəqiyyətlə yox etmək qabiliyyətinə malikdir. Bundan əlavə, “Şahid-129” pilotsuz təyyarəsinin də sınağı keçirilib. 24 saat müddətində havada qalmaq xüsusiyyətinə malik təyyarə geniş coğrafiyada sərhəddə baş verənləri dərhal bazaya ötürməklə terrorçuluq və qaçaqmalçılıqla mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda bu təyyarə 1700-2000 km uzaqlıqdakı hədəfi vurmaq qabiliyyətinə malikdir. “Şahid 129”un bomba və raket daşımaqla yanaşı, kəşf, idarəetmə və hədəfi yayındırmaq xüsusiyyətləri də var. “Rəd” və “Şahid-129”un sınaqdan keçirilməsi görüntüləri İran dövlət televiziyasında nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR