Bank Of Baku

Əli Əkbər Salehi İranla bəzi ərəb ölkələri arasında yaranmış gərginlikdən danışıb

Əli Əkbər Salehi İranla bəzi ərəb ölkələri arasında yaranmış gərginlikdən danışıb
# 05 noyabr 2012 13:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi rəsmi Tehranla bəzi ərəb ölkələri arasında yaranmış gərginlikdən danışıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, Ə.Salehi bildirib ki, İranla Qətər arasında əlaqələr yaxşı səviyyədədir: “Suriya mövzusu da daxil olmaqla bəzi məsələlərlə bağlı iki ölkə arasında fikir müxtəlifliyi var. Lakin bu, iki ölkə arasında münasibətlərə təsir göstərəcəyi mənasında qəbul edilməməlidir. Çünki İran-Qətər əlaqələri çox yaxşıdır”.

İran-Bəhreyn münasibətlərinə də toxunan İranın xarici siyasət idarəsinin rəhbəri deyib ki, iki ölkə arasında yaranmış problemin həlli üçün Bəhreyn rəhbərliyi və xalqının ədalətli və məntiqli bir həll yolu tapacağına inanır: “Bəhreyn hakimiyyətinə və bu ölkənin ərazi bütövlüyünə hörmət göstəririk. Bəhreyn rəhbərliyini təmsil edənlərin necə olması İranı maraqlandırmır”.

Ə.Salehi vurğulayıb ki, 1971-ci ildə İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əldə olunmuş razılaşmalara əsasən, Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları ölkəsinə məxsusdur: “Müddəti 3 min ilə qədər uzanan məktublaşmalara baxıldığında da bu adaların İrana məxsus olmasına şübhə yoxdur. İran bu problemin həlli üçün müzakirələrə hazır olduğunu bildirməsinə baxmayaraq, qarşı tərəfdən hansısa müsbət cavab almayıb”.

İranın xarici siyasət idarəsinin rəhbəri Yəmən prezidentinin İranın ölkəsinin daxili işlərinə qarışması ilə bağlı fikirlərinə də münasibət bildirib: “Hazırda ABŞ-a məxsus pilotsuz təyyarələr terrorla mücadilə bəhanəsi ilə Yəməndə hər gün cinayət işləyirlər. Ancaq bununla belə, Yəmən rəsmilərinin ölkələrindəki problemlərlə bağlı həqiqətlərin xalqa məlum olmasının qarşısını almaq və mövzudan yayındırmaq məqsədilə İrana qarşı əsassız iddialar irəli sürmələri qəbuledilməzdir”.

Ə.Salehi vurğulayıb ki, ölkəsinin səylərinə baxmayaraq, son illərdə Səudiyyə Ərəbistanı ilə əlaqələrdə geriləmə müşahidə olunur: “Biz min illərdir birlikdə yaşayırıq və minlərlə il sonra da qonşu olaraq birlikdə yaşayacağıq. Bu baxımdan iki ölkə arasındakı əlaqələrin güclü və yaxşı olması lazımdır. Ümid edirəm ki, iki ölkə arasındakı əlaqələrin inkişafına mane olan problemlər aradan qaldırılacaq və əlaqələr inkişaf edəcək”.

İranın xarici siyasət idarəsinin rəhbəri həmçinin Suriyadakı böhrana da toxunub: “Suriya probleminin ən yaxşı həll yolu iqtidar və müxalifət arasında dialoqdur. Suriyada böhranın davam etməsi bölgə və dünyada sülhün zərərinədir. Bu baxımdan bölgə ölkələri və dünya ictimaiyyəti belə bir dialoqu dəstəkləməklə bu problemin həllində əhəmiyyətli rol oynaya bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR