Viktoriya ştatının hakimiyyəti yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə maddi-texniki dəstək üçün Avstraliya Müdafiə Nazirliyinə və qonşu regionların rəhbərliyinə müraciət edib.
APA-nın xəbərinə görə, bu barədə ABC teleradio korporasiyası ştat hökumətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Viktoriya ştatının rəhbərliyi infeksiyanın artdığı rayonların tibb müəssisələri və karantin mərkəzlərinə kömək məqsədilə 300 əməkdaşın, o cümlədən hərbi həkimlərin ayrılması xahişi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət edib.
“Viktoriya ştatının rəhbərliyi həmçinin koronavirusun daha çox yayıldığı nöqtələrdə testlərin genişləndirilməsi məqsədilə digər ştatlara müraciət edib”, - deyə qeyd olunub.
Viktoriya ştatına qonşu olan Yeni Cənubi Uels, Tasmaniya, Cənubi Avstraliya və Kvinslend ştatları yardımla bağlı müraciəti müsbət cavablandırıblar.
Virusa yeni yoluxmaların qeydə alındığı altı rayonda COVID-19-a yoluxanlar üçün bu həftənin sonuna kimi əlavə diaqnostika mərkəzləri və klinikalarının açılacağı gözlənilir.
Həkimlər son 8 ərzində inzibati mərkəzi Melburn olan Viktoriya ştatının ərazisində koronavirusa 149 yeni yoluxmanın qeydə alındığını açıqlayıblar.
Səhiyyə Nazirliyinin məlumatına görə, regionda xəstəliyə yoluxmaların 70%-i ölkə daxilində virusun insandan insana ötürülməsi ilə baş verir.
Son sutka ərzində həkimlər ştat ərazisində 20 yoluxma halı aşkar ediblər, virusa yoluxan 1 nəfər isə vəfat edib.
Viktoriya ştatında indiyədək 1 864 nəfər virusa yoluxub, 20 nəfər ölüb.