Avstraliya fevralın 21-dən sərhədlərini dünyanın istənilən ölkəsindən olan COVID-19 infeksiyası əleyhinə vaksin olunmuş turistlərin və işgüzar ziyarətçilərin üzünə açacaq.
APA “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Skot Morrison bildirib.
O, qeyd edib ki, həmin tarixdən vaksinlənmiş viza sahiblərinə ölkəyə daxil olmaq mümkün olacaq.
Ötən ay məşhur tennisçi Novak Cokoviçin də vaksinasiya edilməməsi səbəbi ilə Avstraliyadan deportasiya edildiyini qeyd edən S. Morison ziyarətçilərin vaksinasiya olunmalarını sübut etməli olduqlarını vurğulayıb.
Qeyd edək ki, Avstraliya COVID-19 pandemiyası ilə mübarizədə 2020-ci ilin martında öz vətəndaşlarına və daimi yaşayış icazəsi olan şəxslərə tətbiq etdiyi məhdudiyyətlərlə dünyada ən sərt məhdudiyyətlərin tətbiq edildiyi ölkələrdən biri olub.
Əhali arasında vaksin olunanların sayının artması ilə əlaqədar ötən ilin noyabrında sərhəd məhdudiyyətləri yumşaldılıb, lakin beynəlxalq tələbələr və ixtisaslı miqrantlar turistlərlə müqayisədə prioritet qruplar hesab edilib.