İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Rusiya Federasiyasının Prezidenti ilə təxminən üç saat davam edən ətraflı görüş keçirib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri İranın dövlət televiziyasına müsahibəsində bildirib.
Baqirinin sözlərinə görə, səfərin əsas məqsədi İranın Ali Rəhbərinin mesajını Vladimir Putinə çatdırmaq olub.
O deyib ki, həmin mesajda həm İranın ikitərəfli əməkdaşlıqla bağlı nəzərdə tutduğu əsas məqamlar əks olunub, həm də bu əməkdaşlıq və qarşılıqlı əlaqələrin perspektivləri müəyyənləşdirilib: “Məqsəd Rusiya tərəfinin İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin rəhbərliyi dövründə Tehranla əməkdaşlıq məsələsini daha aydın dərk etməsidir”.
Baqiri əlavə edib ki, Rusiya qazının İrana nəqli və Şimal-Cənub dəhlizi strateji layihələrdir. O vurğulayıb ki, bu iki layihə İranın malik olduğu iqtisadi imkanlardır və ölkə onlardan həm dövlətin və regionun inkişafı, həm də təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə səmərəli istifadə edə bilər.
“Rusiya qazının İrana nəqli və Şimal-Cənub dəhlizi ABŞ da daxil olmaqla bəzi güclərin İranı təzyiq altında saxlamaqla bağlı xam xəyallarını puça çıxarır”, - Baqiri deyib.