Cənubi Koreya ordusu ölkənin hava məkanını pozan Şimali Koreyaya məxsus 5 pilotsuz uçuş aparatını vura bilmədiyi üçün ictimaiyyətdən üzr istəyib.
APA "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) əməliyyatlar üzrə baş direktoru general-leytenant Kanq Şin-çul açıqlamasında bildirib.
"Hərbçilərimiz pilotsuz təyyarələri aşkar edib izləsə də, onları vura bilmədiyimiz üçün təəssüflənirik" o deyib.
O qeyd edib ki, ordunun müşahidə üçün istifadə olunan kiçik dronları aşkar etmək və vurmaqda məhdudiyyətləri var, ancaq eyni zamanda daha böyük hücum dronlarından gələn təhlükələri dəf etmək iqtidarındadır.
"Ancaq sonda biz hərbi hazırlıq duruşunda çatışmazlıq səbəbindən ictimai narahatlığa səbəb olduq", Kanq deyib.
O, həmçinin pilotsuz təyyarələrə qarşı imkanları artırmaq üçün səyləri ikiqat artıracağına söz verib.
Bundan əlavə, o, Şimali Koreyanın əsas hərbi obyektlərinə nəzarət etmək, müşahidə və kəşfiyyat əməliyyatlarını həyata keçirmək üçün Cənubi Koreya ordusunda dron bölməsinin tezliklə yaradılmasına təkan veriləcəyini vurğulayıb.
Xatırladaq ki, dekabrın 26-da Cənubi Koreya Şimali Koreyadan iki ölkə arasındakı demarkasiya xətti kimi tanınan əraziyə keçən pilotsuz uçuş aparatlarını qeydə alıb.