Şimali Koreyanın nüvə və raket təhlükəsinin qarşısını almaq üçün Cənubi Koreya ABŞ və Yaponiya ilə genişmiqyaslı fəaliyyət planlarını müzakirə etməyə hazırdır.
APA xəbər verir ki, bunu Cənubi Koreya lideri Yoon Suk Yeol “Bloomberg”ə müsahibəsində bildirib.
Genişləndirilmiş çəkindirmə fəaliyyəti dedikdə Vaşinqtonun öz müttəfiqlərini qorumaq üçün bütün vasitələrdən, o cümlədən nüvə silahından istifadə etməyə hazır olduğu başa düşülür.
Qeyd edək ki, Vaşinqton və Tokio Şimali Koreyanın nüvə və raket təhlükəsinin qarşısını almaq imkanlarının genişləndirilməsi mövzusunda davamlı ikitərəfli dialoqa 2010-cu ildə başlayıblar.
Cənubi Koreya lideri ümid etdiyini bildirib ki, 18 avqustda ABŞ-da keçiriləcək üçtərəfli sammit Şimali Koreyanın nüvə və raket təhlükəsinin qarşısını almaq imkanlarının genişləndirilməsinə dair razılaşma əldə etməyə imkan verəcək.
Koreya prezidenti onu əlavə edib ki, yüksək səviyyədə keçiriləcək görüşdə üçtərəfli qaydada müdafiə məqsədli təlimlərin sayının artırılması yolları da müzakirə olunacaq.