Cənubi Koreya hökuməti korrupsiyaya görə 17 il müddətinə həbsə məhkum edilmiş keçmiş prezident Li Myung-bakı əfv edib.
APA "NHK World"a istinadən xəbər verir ki, hökumət 2013-cü ilə qədər mühafizəkar hökumətə beş il rəhbərlik etmiş Li də daxil olmaqla 1300-dən çox şəxsi əfv edib.
Prezident Yoon Suk-yeol Nazirlər Kabinetinin iclasında deyib ki, o, əfvlərin ölkəni birləşdirməyə xidmət edəcəyinə ümid edir.
Hakim partiyanın deputatları prezidentin qərarını və milli birlik məqsədini yüksək qiymətləndirsələr də, müxalifət düşərgəsi bu addımı tənqid edərək, bunun korrupsioner qüvvələri canlandıracağını bildirib.
Qeyd edək ki, Li Myung-bak "Samsung Electronics"dən rüşvət almaqda ittiham edilib. Səhhətinə görə Li bu ilin iyununda müvəqqəti olaraq həbsdən azad edilib. Onun 81 yaşı var. Li Cənubi Koreyanın əfv olunan dördüncü keçmiş prezidentidir. Çun Doo-huan və Roh Tae-uoo 1997-ci ildə, ardınca Park Geun-hye 2021-ci ildə əfv edilib.