Çin Rusiyaya silah istehsalı üçün lazım olan komponentləri verməsini təkzib edib.
APA xəbər verir ki, bu barədə Çin XİN-in sözçüsü Vanq Venbin ölkəsinin Rusiyaya yardım göstərməsi ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən bildirib.
"Çin hərbi malların ixracına həmişə balanslı və məsuliyyətli yanaşıb", - Çin XİN rəsmisi deyib.
O əlavə edib ki, Çinin bu məsələdə yanaşması və praktikası ardıcıl və şəffafdır, ona görə də Çin tərəfi bu cür xəbərləri "ayrı-ayrı medianın şər niyyəti" hesab edir və əsassız ittihamlara qarşı çıxır.
"Ukrayna məsələsinə gəlincə, Çin ardıcıl olaraq sülh danışıqlarını təşviq edir və gərginliyin azaldılmasında konstruktiv rol oynamağa davam edəcək", - Vanq Venbin deyib.
Qeyd edək ki, Qərb mediası dəfələrlə bildirib ki, Çin Rusiyaya ikili təyinatlı mallar, ilk növbədə, həm daxili ehtiyaclar, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən pilotsuz təyyarələr və yarımkeçirici məhsullar verir. Pekin bu ittihamları rədd edir.