İran və Oman xarici işlər nazirlərinin görüşündən sonra birgə media bəyanatı yayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bəyanatda bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr bin Həməd bin Həmud Əl-Busəidinin görüşü və apardığı məsləhətləşmələrə toxunulub.
Bildirilib ki, iki ölkənin xarici işlər nazirlərinin müzakirələri hər iki ölkənin öz suverenliyi və suveren hüquqları qorunmaqla Hörmüz boğazından təhlükəsiz gəmiçiliyin bərpa edilməsinə verdiyi əhəmiyyətə yönəlib.
Bəyanatda qeyd olunub ki, boğazda hazırkı vəziyyətin son müharibə və onun fəlakətli nəticələri ilə əlaqədar olması nəzərə alınaraq, nazirlər işlərin irəlilədilməsi üçün praktiki və həyata keçirilə bilən əsas yarada biləcək mərhələli çərçivəni müzakirə ediblər.
Bəyanata əsasən, təklif olunan çərçivəyə Hörmüz boğazından birgə müvəqqəti gəmiçilik dəhlizinin yaradılması və boğazın minalardan təmizlənməsi üzrə birgə layihənin həyata keçirilməsinə dair razılaşma daxildir.
Qeyd olunub ki, tərəflər daimi gəmiçilik dəhlizi və boğazın gələcək idarə olunması, həmçinin məlumat mübadiləsi, gəmiçilik hərəkətinin idarə edilməsi və müvafiq gəmiçilik və təhlükəsizlik xidmətlərinin göstərilməsi mexanizmi üzrə razılığa gəlmək məqsədilə texniki danışıqları davam etdirəcəklər.
Bəyanatda vurğulanıb ki, bu çərçivədə hər iki tərəf Fars körfəzinin sularına həmsərhəd olan region ölkələri ilə birgə dialoqların keçirilməsinin vacibliyini qeyd edib.
Tərəflər həmçinin tətbiq olunan beynəlxalq hüquqa riayət edilməsinin və sahilyanı ölkələrin suveren hüquqlarına hörmət göstərilməsinin zəruriliyini vurğulayıblar.