Hörmüz boğazında iki neft tankeri minaya düşərək yanmağa başlayıb.
APA xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tankerlər İranın icazə vermədiyi marşrutla hərəkət etməyə çalışarkən minaya düşüblər.
“Bir neçə dəqiqə əvvəl qaydaları pozan iki gəmi minaya toxunduqdan sonra yanmağa başlayıb. Onlardan biri Hörmüz boğazının şərqində, digəri isə boğazın özündə olub. Gəmilər icazə verilməyən marşrutla hərəkət etməyə çalışıblar”, – SEPAH-ın açıqlamasında qeyd olunub.
Qurumun məlumatına görə, tankerlər boğazdan qadağan olunmuş marşrutla çıxmağa cəhd edərkən naviqasiya və identifikasiya sistemlərini söndürüblər.
Gəmilərin adları, ekipaj üzvlərinin vəziyyəti və hadisə nəticəsində dəyən ziyan barədə məlumat verilməyib.