İrandan Türkiyəyə qaz nəql edən boru kəmərində partlayış baş verdiyi üçün qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, İran Milli Qaz Şirkəti yayımladığı açıqlamada bu haqda məlumat verib.
Məlumatda bildirilir ki, Bazarqan dayanacağında qaz sızması nəticəsində Türkiyəyə qaz nəqlində azalma müşahidə olunur və problemin qısa müddətdə aradan qaldırılması məqsədilə qazın nəqli dayandırılıb.
Qeyd olunub ki, hadisə baş verən andan problem haqqında Türkiyə tərəfinə məlumat verilib və türkiyəli nümayəndələr hadisə yerinə dəvət olunub.
İran Milli Qaz Şirkəti təhlükəsizlik standartlarını qorumaqla Türkiyəyə qaz nəql edə biləcəyini açıqlayıb və bu haqda rəsmi Ankaranın qərarını gözlədiyini bildirib.