Pakistanın Kəraçi şəhərində polis idarəsinə hücumda 4 nəfər həlak olub.
APA-nın xəbərinə görə, bu barədə Sind əyaləti hökumətinin sözçüsü Murtaza Vahab Siddiqi bildirib.
Həlak olanlardan ikisi polis, biri texniki işçi, digəri isə hərbiləşdirilmiş dəstənin üzvüdür.
***
21.20
Pakistanın Kəraçi şəhərində terrorçuların polis idarəsinə silahlı hücumu nəticəsində azı iki nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, silah və partlayış səslərinin eşidildiyi əraziyə polis snayperləri yerləşdirilib, bütün işıqlar söndürülüb.
Məlumata görə hücumun əvvəlində binanın daxilində bir neçə kiçik partlayışdan sonra güclü partlayış səsi eşidilib.
Talibanın Pakistandakı qolu – Təhrik-i-Taliban Pakistan (TTP) terror təşkilatı jurnalistlərə göndərdiyi mesajda hücuma görə məsuliyyəti üzərinə götürüb.
Binaya azı 5 terrorçunun daxil olduğu, hücum zamanı idarədə azı 30 polisin olduğu bildirilib.
Ərazidə nəqliyyatın hərəkəti məhdudladırılıb, hadisə yerinə təhlükəsizlik qüvvələrinin ağır texnikası və hərbçilər cəlb edilib.
Hücumun davam etdiyi bildirilir.
***
19.54
Pakistanın Kəraçi şəhərində silahlı şəxslər polis idarəsinə hücum edib.
APA xəbər verir ki, Pakistan mətbuatı polis idarəsinin binasına azı 8-10 terrorçunun daxil olması ilə bağlı məlumat yayıb.
Binanın daxilində 2 saata yaxındır ki, atışma səslərinin eşidildiyi bildirilir.
İnsident zamanı xilasetmə rəsmisinin yaralandığı və xəstəxanaya aparıldığı bildirilir.