Bank Of Baku

Səngəçal Terminalının Elektrikləşdirilməsi layihəsi üzrə işlər 90% tamamlanıb

Səngəçal Terminalının Elektrikləşdirilməsi layihəsi üzrə işlər 90% tamamlanıb
# 04 noyabr 2026 13:29 (UTC +04:00)

Bu ilin üçüncü rübündə Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə işlər uğurla davam edib və rübün sonuna ümumilikdə 90% tamamlanıb.

Bu barədə “APA-Economics” BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin 9 ayının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, layihənin terminalın Şahdəniz 2 sahəsində əsas tikinti mərhələsindən istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçidi irəliləmişdir, AÇG sahəsində isə tikinti işləri davam etmişdir. Terminal ərazisindən kənarda yerləşən “AzərEnerji”nin dövlət elektrik şəbəkəsi infrastrukturunun yenilənməsi işləri başa çatıb.

“Rüb ərzində layihə üzrə bir sıra mühüm quraşdırma və sınaq işləri tamamlanmış, istismar sınaqları başlanmış və terminalın gələcək elektrikləşdirilməsinə dəstək məqsədilə enerji təchizatı sisteminin modernləşdirilməsi davam etmişdir. Layihə çərçivəsində həmçinin işəsalınmaya hazırlıq üzrə planlaşdırılmış prosesin bir hissəsi olaraq müstəqil daxili əminlik yoxlaması başa çatdırılıb”, - hesabatda qeyd olunur.

Bildirilir ki, işəsalınma və dövlət elektrik şəbəkəsinə qoşulma fəaliyyətlərinin mərhələli şəkildə və terminaldakı əməliyyatların fasiləsizliyi təmin olunmaqla həyata keçirilməsi layihənin diqqət mərkəzində qalmaqda davam edir.

Layihə üzrə işlərin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək, başa çatacağı nəzərdə tutulur.

230 milyon dollar dəyərində STEL layihəsi terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər inşa edilir.

STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə verəcək, “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün 7 qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

Qeyd edək ki, Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

İlk üç rüb ərzində terminal təxminən 138 milyon barel neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR