Bakı. Anaxanım Hidayətova-APA. İraq Prezident Administrasiyası insult keçirdikdən sonra müalicə üçün xəstəxanaya aparılan İraq prezidenti Cəlal Təlabaninin vəfat etməsi xəbərini təkzib edib. APA-nın məlumatına görə, administrasiya günortadan əvvəl yaydığı bəyanatda Təlabaninin vəziyyətinin stabilləşdiyi, prezidentin hazırda Bağdad mərkəzi xəstəxanasında müalicə olunduğu bildirilirdi.
Administrasiyanın saytında yerləşdirilmiş son bəyanatında qeyd olunur ki, Cəlal Təlabaninin vəziyyəti stabilləşməkdədir. O, hazırda peşəkar mütəxəssislərinin nəzarəti altında müalicə alır. Aparılmış yoxlamalar və təhlillər onun bədən funksiyalarının normal fəaliyyət göstərdiyini təsdiqləyir”.
İraq Dövlət Televiziyası bir qədər əvvəl həkimlərin prezident Təlabaninin vəziyyətini stabilləşdirmək üçün səyləri davam etdirdiyi barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, baş nazir Nuri əl-Maliki xəstəxanada prezident Təlabaniyə baş çəkib.
İraqın Azərbaycandakı səfirliyindən isə APA-ya bildiriblər ki, prezident Cəlal Təlabaninin vəziyyəti stabil ağır olaraq qalır: “Hazırda prezident xəstəxanadadır, yanına heç kimi buraxmırlar”.
Qeyd edək ki, İraq prezidenti Cəlal Təlabani bir neçə ildir ki, sağlamlığından şikayət edir; o, 2008-ci ildə ABŞ-da ürək əməliyyatı keçirib. Bu il o, artıq bir neçə dəfə ABŞ və bir sıra Avropa ölkələrində müalicə alıb.