Tailandda iyunun 23-dən bəri Kxao Luanq mağarasının dərinliyində köməksiz vəziyyətdə qalan 12 məktəbli və onların məşqçisi xilasedicilər tərəfindən çıxarılıb.
APA-nın xəbərinə görə, bu barədə “Spirinq News” məlumat yayıb.
Mağaradan çıxarılan uşaqlar xəstəxanaya göndərilib. İçəridə hələ ki həkim və dalğıcların qaldığı bildirilir.
Qeyd edək ki, iyunun 23-də 11-16 yaşlı məktəblilərdən ibarət futbol komandası və onların 25 yaşlı məşqçisi Kxao Luanq mağarasında itib. Ərazidə yağan leysan yağışları və yaranan sel təxminən 10 km uzunluğu olan mağaranın giriş-çıxışını bağlayıb və içəriyə dolub. Uşaqlar sel suyunun çatmadığı zalların birində qalıblar. Hakimiyyət orqanları xilasetmə əməliyyatına başlayıb. İyulun 8-9-da dalğıclar 4 uşaqdan ibarət 2 qrupu çıxara biliblər.