Keyfiyyətli toxum fonduna malik olmaq dövlətlərin strateji üstünlüklərindən biridir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Toxumçuluq haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov bildirib.
Deputat deyib ki, "Toxumçuluq haqqında” yeni qanun layihəsi ölkəmizdə aqrar sahənin inkişafına xidmət edən, müasir çağırışlara cavab verən və strateji əhəmiyyət daşıyan çox mütərəqqi sənəddir: “Bu gün dünyada ərzaq təhlükəsizliyi artıq təkcə kənd təsərrüfatı məsələsi deyil, eyni zamanda milli təhlükəsizlik məsələsidir. Qlobal iqlim dəyişiklikləri, beynəlxalq bazarlarda baş verən proseslər və ərzaq təminatı ilə bağlı çağırışlar göstərir ki, keyfiyyətli toxum fonduna malik olmaq dövlətlərin strateji üstünlüklərindən biridir. Təqdim olunan qanun layihəsində toxumçuluq sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, sertifikatlaşdırma sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, elektron qeydiyyat mexanizmlərinin tətbiqi və sağlam rəqabət mühitinin formalaşdırılması kimi mühüm yeniliklər öz əksini tapmışdır. Bu yanaşma həm fermerlərimizin işini asanlaşdıracaq, həm də yerli toxumçuluğun inkişafına, məhsuldarlığın artmasına və idxaldan asılılığın azalmasına mühüm töhfə verəcək.
Layihəni müzakirə edərkən regionlarımızın potensialını da xüsusi vurğulamaq lazımdır. Mənim təmsil etdiyim Şəki ölkəmizin ən böyük taxılçılıq bölgəsidir. Şəkidə çalışan hər bir fermer yaxşı bilir ki, bol məhsulun əsası torpağa səpilən keyfiyyətli toxumdan başlayır. Məhz buna görə bu qanun təkcə hüquqi sənəd deyil, həm də gələcək məhsuldarlığa, ərzaq təhlükəsizliyinə və kənd insanının rifahına qoyulan mühüm investisiyadır. Eyni zamanda, qanun layihəsinin özəl sektorun bu sahəyə daha fəal cəlb olunmasını təşviq etməsi, rəqabət mühitini gücləndirməsi və yerli toxum istehsalının genişlənməsinə şərait yaratması xüsusi əhəmiyyət kəsb edir. Bu isə həm ölkədən valyuta axınının qarşısını alacaq, həm də gələcəkdə Azərbaycanın toxum ixracı potensialının formalaşmasına xidmət edəcəkdir. Əminəm ki, bu qanunun qəbulu aqrar sahədə həyata keçirilən islahatların daha da dərinləşməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək. Güclü kənd təsərrüfatı güclü toxumdan başlayır. Güclü toxum isə güclü qanunvericilik tələb edir”.